Azərbaycan milli komandası üçün daha bir futbol ili arxada qalıb. Sportnet.az-ın məlumatına görə, 2016-cı il hələ yekunlaşmasa da, millimizin bu il bir oynamayacağı dəqiqdir.
Növbəti rəsmi oyun 2017-ci ilin martın 26-da Almaniya yığması ilə Tofiq Bəhramov adına Respublika stadionundadır ki, bunadək fevralda yoldaşlıq keçirilməsi nəzərdə tutulub.
Deməli, bu il artıq yekun vuraraq statistik təhlil, keçən illə müqayisə aparmaq olar.
Beləliklə, millimiz 2016-da 8 oyun keçirib ki, bunun ilk 4-ü yoldaşlıq, sonrakı 4-ü 2018-ci il seçmə mərhələ matçları olub. Robert Prosineçkinin baş məşqçisi olduğu komanda üçün rəsmi oyunlar uğurlu alınıb. Təsadüfi deyil ki, bu il hər 2 qələbəni məhz həmin qarşılaşmalarda qazanmışıq.
Ümumi balansa nəzər salsaq, 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyətin olduğunu görərik.
Seçmə mərhələnin bu il üçün olan ilk hissəsi bizim üçün çox uğurlu alınıb. Çünki 4 oyunda 7 xal toplaya bildik ki, millimiz 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə startda belə yüksək göstəriciyə malik olmayıb. Yığmamız Şimali İrlandiyaya qalib gəlsəydi, hesabında 10 xal olacaqdı ki, bu, ümumiyyətlə, seçmə mərhələ üçün rekorddur. Çünki bunadək bir tsikldə ən yaxşı halda 9 xal toplamışıq. Yığmamızın cari seçmə mərhələdə hələ 6 oyununun qaldığını və bunun 4-nün evdə olacağını nəzərə alsaq, yeni rekord müəyyənləşdirmək şansmız çoxdur.
Yoldaşlıq görüşləri ikinci dərəcəli olsa belə, FİFA reytinqinə təsir göstərir. Bu qeyri-rəsmi matçlarda isə millimiz zəif göstəriciyə imza atıb. Hətta Andorra yığması kimi zəif rəqibə qalib gəlmək mümkün olmayıb.
Millimiz məğlubiyyətlə başladığı 2016-cı ili məğlubiyyətlə də bitirib. Azərbaycan yığması 24 illik tarixində Kanada, San-Marino ilə ilk qarşılaşmalarını, Çexiya ilə seçmə mərhələdə birinci görüşünü məhz bu ilə təsadüf edib.
Yığmamızın bu il məhsuldarlığı çox aşağı olub - 8 oyuna cəmi 4 qol. Özü də bunun yarısı, daha doğrusu, ilk 2-si penaltidən olub. Bunlar Avstriyadakı təlim-məşq toplanışında keçirilən yoldaşlıq görüşlərində vurulub. 2016-cı il hücumçularımızın passivliyi ilə yadda qalıb. Qol vuranlardan Maksim Mevdedev (millidə qol hesabını bu il açıb) müdafiəçi, Dmitri Nazarovla Əfran İsmayılov yarımmüdafiəçidir. Yalnız Ruslan Qurbanov hücumçu olaraq fərqlənib. Ancaq onun da millidə yarımmüdafiənin cinahlarında oynadığı məlumdur.
Prosineçkinin millimizdə 2-ci ili tamam olub. O, fəaliyyətinə ötən ilin əvvəlindən başladığından müqayisə apara bilərik. Maraqlıdır ki, 47 yaşlı xorvatiyalı mütəxəssisin 2 ildə göstəriciləri, balans tam eynidir – 8 oyun, 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət. Hətta topların fərqi də keçən illə eynidir (-5). Sadəcə, yığmamız 2015-ci ildə bundan çox qol vurub – 7-12. Özü də onda ilə qələbəylə başlayıb (Bakıda Malta 2:0), qələbə ilə bitirmişik (Bakıda Moldova 2:1).
Millimizin bu il vətəndə yoldaşlıq görüşü keçirməməyi maraq məqam kimi diqqət çəkir. Hər halda, çoxdandır belə hal müşahidə olunmayıb.
Azərbaycan yığması xorvatiyalı baş məşqçisi ilə hər 2 ilin hərəsində 1 dəfə böyükhesablı məğlubiyyət alıb. Özü də bu matçlarda qapısında 4 top görüb. Sadəcə, Serbiya millisi ilə Avstriyadakı yoldaşlıq görüündə qol vurmağımız mümkün olubsa, Şimali İrlandiyanın qapısına Belfastda yol tapmaq istəyimiz alınmayıb.
Bu il yığmamız oyunların yarısında qırmızı, yarısında göy formada olub. Göy formada (Andorra, Kanada, Norveç, Çexiya) uduzmadığımızdan düşərli olub. Ancaq qırmızı forma (Qazaxıstan, Makedoniya, San Marino, Şimali İrlandiya) bizim üçün elə də düşərli olmayıb.
Qeyd edək ki, Prosineçki millimizdə ilk oyununu 2015-ci ilin fevralında Donetsk "Şaxtyor"i ilə Antalyada keçirib və həmin yoldaşlıq matçında 1:2 hesabı ilə məğlub olub. Ancaq klubla yığmanın görüşünün nəticəsi sayılmır.
Azərbaycan milli komandasının 2016-cı ildə keçirdiyi oyunlar
26 mart. Antalya. Azərbaycan – Qazaxıstan - 0:1
Qol: Maksat Bayjanov, 8
26 may. Bad Erlach. Azərbaycan – Andorra – 0:0
29 may. Bad Erlach. Azərbaycan – Makedoniya – 1:3
Qollar: Əfran İsmayılov, 72-pen - Marian Radeski, 19, Qoran Pandev, 33, İlya Hestorovski, 90+2
3 iyun. Rorbah Lafnitz. Azərbaycan – Kanada – 1:1
Qollar: Dmitri Nazarov, 58-p – Akindele Teşo, 58
4 sentyabr. San Marino. San Marino – Azərbaycan – 0:1
Qol: Ruslan Qurbanov, 45
8 oktyabr. Bakı. Azərbaycan – Norveç – 1:0
Qol: Maksim Medvedev, 11
11 oktyabr. Ostrava. Çexiya – Azərbaycan – 0:0
11 noyabr. Belfast. Şimali İrlandiya – Azərbaycan – 4:0
Qollar: Kayl Lafferti, 27, Qaret Makoli, 40, Konor Maklauhlin, 67, Kris Brant, 83
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb