Azərbaycan üçün avrokuboklarda 21-ci mövsüm başa çatıb. Sportnet.az-ın məlumatına görə, 2016/2017 mövsümü ilk dəfə ardıcıl 2-ci mövsüm 2 təmsilçimizin qrupda çıxış etməsi ilə tarixə düşüb. Ancaq bu dəfə də "Qarabağ”la "Qəbələ”dən heç biri 1/16 finala çıxa bilmədiyindən, ilkə imza atmaq mümkün olmayıb.
"Qəbələ” ötən mövsümdə olduğu kimi, mübarziəyə ilkin təsnifat mərhələsindən başlayaraq qrupa düşüb. "Qarabağ” isə ənənəni pozmayb – mübarizəni Çempionlar Liqasında (ÇL) başlayaraq orada çıxışını dayandırdıqdan sonra Avropa Liqasına yollanıb və qrupa vəsiqə qazanıb. Ağdam klubu ən çox - ardıcıl 3 mövsüm bu mərhələdə iştirak edən təmsilçimiz kimi rekordçudur.
Bu mövsüm klublarımız avrokuboklarda 34 oyun keçiriblər. Ən çox matç "Qəbələ”nin hesabındadır – 14. "Qarabağ” 12, "Kəpəz”lə "Neftçi” hərəyə 4 qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası digər 3 təmsilçimizdən fərqli olaraq, 1 yox, 2 turnirdə - həm ÇL-də, həm də Avropa Liqasında çıxış edib.
"Kəpəz”lə "Neftçi” mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıblar. Onlar hərəyə 1 qələbəyə evdə yox, səfərdə nail olublar. "Ağ-qaralar” Maltada "Baltsan"a 2:0, Gəncə təmsilçisi Moldovada "Daçiya”ya 1:0 hesabı ilə qalib gəlib. "Neftçi” ilə "Kəpəz” qalan 3 oyundan 1-də heç-heçə edərək 2-də uduzub. Bakı klubunda topların fərqi 3-3, Gəncə komandasında 1-3-dür. Şahin Diniyevin yetirmələri evdə qol vura bilməmələri ilə diqqət çəkib. "Kəpəz”lə bağlı digər məqamlar Avropa Liqası adlanan yarışda debütü, 15 ildən sonra avrokuboka qayıdışıdır.
"Qəbələ” 14 oyundan 5-də qalib gəlib, 1-də bərabərliyə qalıb və 8-də məğlub olub. Bunlardan 6-sı qrup matçları olub. "Qırmızı-qaralar” rəqib qapılardan 20 top keçirib və 21 qol buraxıb. Roman Qriqorçukun komandası qrupda bütün matçlarını uduzsa da, debüt etdiyi ötən mövsümlə müqayisədə daha yaxşı göstəriciyə imza atıb. Bu, qələbə (əvvəlki 3), qol sayında (əvvəlki 11) və topların fərqində (əvvəlki 11-18) olub. Düzdür, "Qəbələ” bu dəfə meydanı daha çox (əvvəlki 8) məğlub tərk edib.
"Qarabağ”ın isə 12 oyunda qələbə, heç-heçə və məğlubiyyət sayı bərabərdir – hərəsində 4. Ağdam klubu ötən mövsümdə də meydanı 4 dəfə qalib tərk etmişdi. Ancaq heç-heçə indikindən az (3), məğlubiyyət çox (5) olmuşdu. Qurban Qurbanovun komandasında topların fərqi indi 14-15 olubsa, keçən mövsüm 9-9 idi.
Beləliklə, Azərbaycan bu mövsüm avrokuboklarda 34 oyundan 11-də qalib gəlib, 7-də heç-heçə edib, 16-da uduzub (topların fərqi 38-41). Göründüyü kimi, göstəricilərdə saldo mənfidir.
Başa çatan avrokubok mövsümündə bombardir "Qəbələ"də debüt mövsümünü keçirən Teo Uiks olub. Liberiyalı yarımmüdafiəçi 5 dəfə fərqlənib. Özü də Uiks bunlardan 4-nü bir rəqibə - I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sına vurub. O, daha bir qola II təsnifat mərhələsində Macarıstan MTK-sını evdə 2:0 hesabı ilə məğlub etdiyimiz cavab matçında imza atıb.
Teo eyni zamanda yeganə het-trikin müəllifidir - "Samtredia" ilə evdə, hesab - 5:1. "Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo ("Maribor”a evdə 3:1) ilə Riçard Almeyda ("Düdelanj”a evdə 2:0) dubl müəllifi olublar. Dabo ilə yanaşı, komanda yoldaşları – xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə millimizin hücumçusu Ruslan Qurbanov hərəyə 3 dəfə fərqlənməklə bombardirin ən yaxın izləyiciləri olublar. Sadəcə, Ruslan qollardan 2-ni "Qəbələ”də, 1-ni "Neftçi”də vurub.
"Qarabağ”da avrokuboklarda başa çatan mövsümdə ən çox qol vuranlar 6 nəfər olub. Almeyda ilə yanaşı, Muarem Muarem, Migel Madera, Dani Kintana, Rəşad Sadıqov və Reynaldo Silva hərəyə 2 qol vurub. Dino Ndlovu ilə Rahid Əmirquliyev hərəyə 1 dəfə fərqlənib. "Kəpəz"in yeganə qoluna braziliyalı yarımmüdafiəçi Dario Federiko imza atıb. "Neftçi"dən isə Ruslanla yanaşı, Rəhman Hacıyev və braziliyalı müdafiəçi Jayro Rodriges fərqlənib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib.