AFFA-nın İntizam Komitəsi rəqib oyunçuya qarşı fiziki təzyiq göstərən futbolçuları cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, U-17 Liqasında "Səbail" və "Vətən" komandaları arasında keçirilən matçın 77-ci dəqiqəsində ikincilərin heyətində Şakir Seyidov rəqibi bilərəkdən vurub.
Bu addım birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçunun 4 oyun cəzalanmasına səbəb olub. Oyunun 88-ci dəqiqəsində "Vətən"in məşqçisi Alim Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb.
U-14 Liqasında "Qəbələ" İK və "Təhsil" FM (Bakı) arasında keçirilən matçda da analoji hal təkrarlanıb. Oyunun 30-cu dəqiqəsində birincilərin futbolçusu Taleh Qarayev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya məruz qalıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Baku-Fire-2" - "Bayker" matçında isə qonaqların üzvü Emin Tağıyev ikinci sarı vərəqədən sonra hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bu futbolçunun 5 oyun cəzalanmasına səbəb olub. Matçının 49-cu dəqiqəsində "Bayker" klubunun futbolçusu Fuad Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.