"Qarabağ"ın futbolçusu Ağabala Ramazanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında müzakirə olunan hərəkəti ilə bağlı Sportnet.az-a müsahibəsi...
- Komandanızın lehinə təyin olunan penalti epizodunda baş hakim Ramil Diniyevi qucaqlamağınız geniş müzakirələrə səbəb olub. Bu hərəkətiniz penalti qərarına sevinməyinizdən irəli gəlirdi, yoxsa...
- Xeyr, bu, sadəcə, elə göründü. Əslində isə həmin vaxt məndən söz soruşurdu. Soruşurdu ki, həmin epizodda penalti var idimi?
- Sən nə cavab verdin?
- Mən də səs-küy olduğundan, qulağına dedim ki, bilmirəm. Bu da kənardan baxanlara sevincimdən referini qucaqlamağım kimi göründü.
- Baş hakimin futbolçuya belə bir sual verməsi normal haldır?
- Bilmirəm. Mən olanı deyirəm.
- Ümumiyyətlə, bugünkü hakimlik barədə nə düşünürsən?
- Məncə, Diniyev oyunu normal idarə etdi.
- Səncə, rəqib meydanında yerə yıxıldığınız vaxt penalti təyin etməməkdə haqlı idi?
- Bəli. Mənə sarı vərəqə göstərməkdə haqlı idi.
- Amma həmin vaxt qərara etiraz etdin...
- Əvvəlcə etiraz etsəm də, sonradan epizoda baxandan sonra doğru olduğunu gördüm.