"İnter"in qapıçısı Səlahət Ağayevin AZAL-ı səfərdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra Sportnet.az-a müsahibəsi...
- Qarşılaşma barədə nə deyə bilərdiniz?
- "Neftçi”yə məğlub olandan sonra toparlandıq və qələbə qazandıq. Biz də süni örtüklü meydanda oynayırıq. Düzdür, "İnter Arena"ya baxanda "AZAL Arena”nın ot örtüyü bir az bərkdir. Amma yenə də biz qələbə qazanmağı bacardıq. Əsas odur ki, matç zədəsiz bitdi.
- Nizami Hacıyevin vurduğu qol haqda nə deyərdin: Aqil Məmmədovun yerində olsaydın, həmin zərbəni dəf edə bilərdin?
- Lev Yaşin da orada olsaydı, həmin topu çıxara bilməzdi. Aqil həmin zərbədən əvvəl komandasını bir neçə dəfə qoldan xilas etmişdi. Amma Nizami çox yaxşı vurdu, 100 zərbədən biri ora gedərdi. Aqillik heç nə yox idi. Hacıyev bəlkə də heç bilə-bilə də vurmadı (gülür). Doğrudan da baxımlı qol alındı.
- Klubdakı durumun heç də yaxşı olmadığı deyilir. Sponsor da klubdan imtina etdi. Bütün bunlar oyunçularda psixoloji təzyiq yaradır?
- Hamı bilir ki, Azərbaycan Beynəlxalq Bankı klubdan imtina edib. Ancaq sağ olsun AFFA, bizə baxır. Açığı biz heç bu barədə fikirləşmirik də. Ən azı müqavilənin sonuna qədər - mövsümün bitiminə kimi komandadayıq və mübarizəni davam edirik.
- Maaşlarınızı alırsınız?
- Bəli, maaşlarımızı alırıq.
- Ancaq bonuslar yoxdur?
- Bonus yoxdur. Maaşlarımızda gecikmələr var idi, onu da aldıq. Cəmi bir ay borc qalmışdı, onu da ödədilər.
- Futbolçular üçün bonussuz oynamaq hardasa maraqsız gəlir. Stimul baxımından bonus məsələsi çoxmu önəmlidir?
- Futbolçular futbolu oynayır ki, pul qazansınlar. Əlbəttə, biz də qalib gələndən sonra bonusların olmasını istərik. İndiki vaxtda bu yoxdursa, nə edə bilərik? Çıxıb uduzası deyilik ki... Əlimizdən gələni edirik ki, qələbə qazanaq.
- Növbəti turda avrokuboklar üçün mübarizə aparan "Zirə” ilə qarşılaşacaqsınız...
- "Zirə” ilə iki dəfə qarşılaşmışıq. Bunların birində qalib gəldiyimiz vaxt son saniyələrdə qol buraxaraq bərabərə qalmışıq. "Zirə” zəif komanda deyil, bizi çətin oyun gözləyir. Bu görüşdə qalib gəlsək, xal ehtiyatımızı yaxşılaşdıracağıq. Hər oyuna qələbə əzmi ilə çıxırıq.
- "İnter”in çempionluq şansı var?
- Yox, bu vəziyyətdə çempionluqdan danışmaq düzgün deyil. Ən azı avrokuboklara şansımız var və bunu əldən buraxmaq istəmirik. Sözsüz ki, çempion ola bilərik. Amma bu vəziyyətdə inandırıcı görünmür.
- "İnter” elə heç kimin gözləmədiyi vaxtlarda iki dəfə çempion olub...
- İndi vəziyyət yaxşı deyil, heyətdən də oyunçular getdi. Yəni, bütün bunları nəzərə alanda demək olar ki, çempionluq inandırıcı deyil.
- Ruslan Abışov və Ağabala Ramazanov "İnter”də "transfer qadağası” olduğunu bilə-bilə komandadan ayrıldılar. Bundan sonra onlara qarşı münasibətin dəyişməyib?
- Xeyr, onlara qarşı münasibətim dəyişməyib. İndi rəqib komandalarda oynasaq da, kənarda dostluq edirik. Belə deyim də, yaxşı təklifləri oldu, dəyərləndirdilər. Futbolçu karyerası elədir ki, müddəti azdır. Onlar da pul qazanmaq istəyirlər. Ruslana və Ağabalaya yaxşı pul verdilər, onlar da getdilər.