AZAL-ın kapitanı Emin Cəfərquliyevin Sportnet.az-a müsahibəsi...
- "Sumqayıt”la görüşdə məğlub oldunuz. Məğlubiyyətə əsas səbəb nə oldu?
- Əsas səbəb bəxtsizlikdir. Ancaq "Sumqayıt”ı da qələbə münasibətilə təbrik etmək istəyirəm.
- Məğlub olsanız da, bu, minamal hesabla oldu. Görünən budu ki, komandada nəsə çatışmır. Səncə çatışmayan nədir: Ustalıq səviyyəsi, yoxsa psixoloji durum?
- Razıyam ki, heç kimə təslim olmuruq, olmaq da fikrimiz yoxdur. Çünki nə oyunçular, nə də məşqçi heyyətimiz təslim olan insanlar deyil. Ancaq həqiqət odur ki, minimal və ya böyük hesabla uduzmaq belə uduzmaqdır. Hamı "Yaxşı oynadınız" deyir, ancaq yadda qalan həmişə nəticə olur.
- Vaqif Cavadov meydana çıxandan sonra komandanızın oyununda aktivlik oldu. Hətta Cavadov AZAL-a penalti də qazandıra bilərdi. Həmin epizod haqda nə deyərdin? Ümumiyyətlə, onun AZAL-a kömək olacağını düşünürsən?
- Vaqif öz adından söz etdirmiş futbolçudur, bu haqda geniş danışmağa dəyməz. Onun bizim ölkə üçün etdiklərini, məncə, heç kim dana bilməz. Əlbəttə, inanıram ki, Cavadov bizə kömək olacaq.
- Yeni gələn Frank Madu və Mehdi Tauil haqda nə düşünürsən?
- Hamısı güclü oyunçulardır. Madu haqda artıq baş məşqçimiz Tərlan Əhmədov lazımı məlumatı verib. Mehdi də çox səviyyəli futbolçudur. Hamı sözlərimin sübutunu o, iş başında olanda görəcək.
- Son pillədən necə qurtula bilərsiniz?
- Gərək xal yığaq ki, qurtulaq. Çalışacağıq ki, xallar yığaq. Əziyyət çəkirik, əziyyətimizin bəhrəsini görərik.
- Qarşıdakı turda "Neftçi” ilə oynayacaqsınız. Bu görüş barədə hansı fikirdəsən?
- "Neftçi” qışdan qabaqkı komanda deyil. Ancaq artıq bizə fərq etməz: rəqib "Neftçi”dir və ya başqası. Ancaq qələbə üçün oynayacağıq.
- Artıq çoxları "AZAL maddi durumunun yaxşı olmadığını qəsdən qabardır ki, uğursuzluğa bəhanə olsun" deyə düşünməyə başlayıb. Amma bir neçə legionerin gətirilməsi çoxlarında təəccüb oyadıb ki, "pul yoxdursa, bu legionerləri necə gətirmək olar"?
- Maddi durumumuz hamıya məlumdur. Gələn legionerlər də elə bizim aldığımız maaş qədər alacaqlar. Mehdi mövsümün son üç ayında komandaya kömək olmaq üçün gəlib. Ruslan Əmircanov, Rəşad Abdullayev, Aqil Məmmədov və digərləri çox az maaşa oynayırlar. Əsas məqsəd komandaya kömək olmaqdır. Yoxsa onların əvvəlki maaşları hamıya məlumdur.