Qətər yığması ilə yoldaşlıq görüşü üçün Azərbaycan milli komandasına 2 yeni futbolçu çağırılacaq.
Sportnet.az xəbər verir ki. bu barədə CBC Sport"a müsahibəsində millinin baş məşqçisi Robert Prosineçki açıqlama verib. Xorvatiyalı mütəxəssis təxminən 25 futbolçuya dəvət göndərmək niyyətində olduğunu bildirib: "Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq. Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam. Həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddir. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz”.
Prosineçki son zamanlar yaxşı formada olan Nizami Hacıyevlə Cavid Hüseynov, eləcə də Yunanıstan AEL-ində legioner həyatı yaşayan Amit Quluzadənin yığmaya çağrılıb-çağrılmayacağına da aydınlıq gətirib: "Uzun müddət idi ki, Cavid Hüseynov milliyə çağrılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Hazırda Cavidi izləyirəm. Qətərə aparacağım isə hələ sual altındadır. İndi Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ "Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun praktikası azdır. Rauf Əliyevin zədəsi təzə sağaldığından, dəqiq fikir söyləyə bilmərəm. O ki qaldı Nizami Hacıyevə, yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.
Millinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavişta”da əsas heyətə düşə bilməməsi ciddi müzakirə mövzusudur. Bu məsələyə dair təcrübəli mütəxəssisin fikri belə olub: "Kamran Azərbaycanın ən güclü qapıçısıdır - bir nömrədir. Oyun praktikası əlbəttə ki, məni qane etmir. Özü də bu, yalnız Ağayevə aid deyil, legionerlərimiz axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdir. "Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəldikdə, çox təcrübəlidir. Amma mən gənc qapıçıya üstünlük verəcəyəm. Çünki mən 2018-ci ilin dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.