"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun Sportnet.az-a müsahibəsi
- Yəqin ki, qarşıdakı turda "Zirə" ilə səfər matçı sizin üçün 6 xallıq oyun olar...
- Elə deyirlər və mən də bunlara qoşulmuşam. Ancaq oturub fikilərşəndə ki, çempionat bununla bitmir, qarşıda nə qədər görüşlər var, fərqli düşünürsən. Yaxşı, bu oyunu udduq, o biriləri uduzduq, biz hara kimi gedəcəyik? Ancaq səfərdə olduğundan, özü də ən yaxın izləyicinlə görüşəcəyindən, maraqlı matç gedəcək. Mənə elə gəlir ki, 6 xallıq qarşılaşma olacaq.
- Sizi belə prinsipial oyunlardan qalib çıxmağı bacaran mütəxəssis saymaq olar?
- Bu mövsüm belə oyunlarımız çox olub. Ancaq qarşıdakı matçdan danşırsınızsa, açığı, tam fərqli "Zirə" ilə oynayacağıq. Bu da futbolçu baxımındandır. Bildiyim qədər rəqibin qış fasiləsindən sonra 3-4 yeni futbolçusu var. Həm heyəti dəyişib, həm də baş məşqçisi. Bizim kimi eyni sistemlə - 5 müdafiəçi ilə oynayırlar. Qeyd etdiyim kimi, bir başqa "Zirə"yə qarşı oynayacağımıza inanıram. Belə də olacaq. Ancaq fərq etməz, keçirdiyimiz oyunlara görə əhval-ruhiyyəmiz yüksək səviyyədədir. "Zirə"yə baxıb təhlil etmişik, gücünü bilirik. Bütün rəqiblərimiz güclüdür. Bəzi sınaqlardan üzüağ çıxmağı bacarmışıq. İnanıram ki, yaxşı oyuna şahid olacağıq.
- Heyətdə itkiniz var?
- Yox. Heyətlə bağlı heç bir problemimiz yoxdur. Futbolçularımızın hamısı döyüşkən əhval-ruhiyyədədir. Sabahkı oyunu gözləyirik.
- Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, heç-heçə sizi qane edirmi, yoxsa meydana yalnız qələbə üçün çıxacaqsınız?
- Əlbəttə, səfərdə oynadığımızı nəzərə alsaq, 1 xal bizi qane edir. Ancaq gedib heç-heçəyə oynamaq fikrimiz yoxdur. AZAL-la son turdakı oyunda 1:0 hesabı ilə qalib gəlsək də, çox çətin matça şahid olduq. Qarşılaşmanın gedişində hətta bir qorxu var idi ki, heç-heçə edə bilərik. Zirədə 1 xal qazansaq, buna da üzülməyəcəyik. Əkisnə, sevinərik.
- Məşqi izlədiyiniz zaman bir futbolçu ilə fərdi məşğul olmağınız diqqətimizi çəkdi...
- Bu, Süleyman Əhmədovdur. Öz futbolçumuzdur, 1999-cu il təvəllüdlüdür. Çatışmayan cəhətləri var. Bunun üzərində sırf özüm məşğul oluram. Onun kimi bir neçə gəncə ümidlərimiz böyükdür. Bu üzdən məşqin sonunda hər birinə 10-15 dəqiqə vaxt ayırırıq.
- Bunu qarşıdakı oyunu düşünüb edirsininiz?
- Süleyman "Qarabağ" kimi komandaya qarşı əsas heyətdə oynayıb. O, əsas komandanın üzvüdür. Ola bilər ki, "Zirə"yə qarşı oynasın.