"Qarabağ" klubunun rəhbərliyi Xocalı soyqırımı günü ilə əlaqədar təşkil olunmuş Şəhidlər Xiyabana yürüşə qatılıblar. Sportnet.az-ın məlumatına görə, tədbirdə klubun baş direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, həmçinin komandanın futbolçusu, şəhid Ərşad Nadirovun oğlu Vüqar Nadirov iştirak edib.
Onlar şəhidlərin məzarları önünə tər qərənfillər düzərək, ehtiramlarını ifadə ediblər.
Ə.Çəlikəl jurnalistlərə açıqlamasında belə ağır gündə birlik nümayiş etdirmək üçün ziyarətə qatıldıqlarını bildirib: "Ağır gündür, soyqırım günüdür, çox üzüldüyümüz gündür. Lakin belə günlərdə birgə olmaq lazımdır. Biz də bunun üçün, birliyimizi, gücümüzü göstərmək üçün buradayıq".
Klub rəsmisi cəbhədəki son vəziyyət barədə eşitdiklərini, amma rəsmi məlumat olmadığını bildirib: "Ona görə də çox danışmaq da məncə, düz deyil. Rəsmi açıqlamadan sonra biz də nə olduğunu biləcəyik. Şəhidlərimiz varsa, Allah rəhmət eləsin".
Q.Qurbanov da şəhidlərə başsağlığı verib: "Əlbəttə, bu, heç birimizə xoş olan gün deyil. Bu qədər azərbaycanlı ana-bacılarımız, qardaşlarımız bizim xoşbəxt olmağımız üçün canlarından keçiblər. Həqiqətən də bu gün bizim üçün ağırdır. Amma hazırda heç nə edə bilmərik, yalnız dualarımızla onlara kömək edə bilərik. Ən azı onları yad etmək üçün bura gəlmişik. Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbr versin. Məncə, çox danışılacaq bir gün də deyil".