"Sumqayıt"ın futbolçusu Sergey Çernışevin Sportnet.az-a müsahibəsi
- Əsas heyətdə meydana çıxmamağın bizim üçün gözlənilməz oldu. Bəs sənin üçün? Bəlkə zədən var idi?
- Yox, hər şey qaydasında idi. Baş məşqçimiz oyuna belə taktika seçmişdi. Yəqin, belə qərara gəldi ki, məni ikinci hissədə meydana buraxmaqla oyunu gücləndirsin. Görünür, fasilədən sonra meydanda sürətli, yeni futbolçuların olmasını istəyib ki, onlar əks-hücumlarda komandaya faydalı olsunlar. Bir qol epizodu oyunun müqəddəratını həll etdi. Bilirdik ki, matç çətin olacaq. Kim qol vuracaqdısa, o da qalib gələcəkdi. "Zirə" çətin komandadır, evdə yaxşı oynayır.
- Xarakter nümayiş etdirə bilmədiniz, yoxsa...?
- Yox. Prinsipcə, oyunu gedişinə nəzarət edirdik. Biz hesabı bərabərləşdirmək üçün bütün qüvvə ilə irəli atılanda onlar da əks-hücumlar edirdirlər. Hücumlarımızın kəsəri çatmırdı. Belə götürəndə, topu yaxşı saxlayırdıq. Ancaq cinah ötürmələri, qapıya ötürmələr daha çox olmalı idi.
- Baş məşqçiniz Samir Abasov "texniki zona"da yox idi. Bu, oyuna öz təsiri göstərdimi?
- Yox. Bu, bizə problem deyildi. Baş məşqçimizin səsi hətta tribunalardan eşidilirdi. O, "texniki zona"nın yuxarısından göstərişlərini verirdi və bu cəhətdən problemimiz yox idi.
- Meydana buraxdıqları zaman sənə konkret hansı tapşırıqlar verildi?
- "Texniki zona"da olan köməkçi məşqçimiz Seymur Rəhimov mənə dedi ki, meydana çıxmağa hazırlaş. Hələ matçdan öncə mənə bildirdi ki, sonradan meydana çıxıb oyunu gücləndirməlisən. Hesab edirəm ki bu, alındı. Sadəcə, qol vura bilmədik.
- Yəqin ki, avrokuboklara düşmək şansınızın itmədiyini düşünürüsünüz...
- Əlbəttə. Hələ qarşıda 8 oyun var. "Zirə" bizə qonaq gələcək. Onları öz meydanımızda gözləyəcəyik.
- Növbəti turda "Qarabağ"la oynayacaqsınız...
- İstənilən halda sonadək döyüşəcəyik. Elə-belə təslim olmayacağıq. Daha kubokdakı kimi 0:6 hesabı ilə uduzmayacağıq.
- Bunu hardan bilirsən?
- Çempionatla kubok fərqli yarışdır. İndi hər bir xaldan bərk yapışmalıyıq ki, bunlar hesabımızda çox olsun. Fərqi yoxdur rəqib hansıdır. Meydana çıxıb öz oyununu göstərməlisən. Futbolda əzmkarlıq çox şeyi həll edir. Sonadək mübarizə aparacağıq. Necə alınacağını isə artıq oyun göstərəcək.
- "Zirə" ilə oyunda aldığın zədə ciddidir?
- Yox, boş şeydir. Sadəcə, rəqib futbolçu Viktor İqbekoyi daban nahiyəmə toxundu. Buz qoymaq lazım gədli, düzələcək.