"Bizi çətin qarşılaşma gözləyir. "Qəbələ”yə qalib də gələ bilərik, uduza da ilərik. Bu futboldu, öncədən proqnoz vermək çətindi. Ancaq oyuna çox yaxşı hazırlaşdığımızı deyə bilərəm. Ümidvaram ki, bizə lazım olan nəticə ilə qayıdacağıq Bakıya”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadə deyib.
Bu gün "Zirə” Premyer Liqanın 24-cü turu çərçivəsində "Qəbələ”nin qonağı olacaq. Xəlilzadə rəqibin bu matçda aqressiv olacağını düşünür: "Qəbələ”nin Bakıdakı 2:2 hesabının revanşını almaq istəyəcək ya, yox bilmirəm. Bunu zaman göstərəcək. "Qəbələ” çempionluq üçün oynayır və evdə qələbə qazanmaq istəyəcək. Ona görə də düşünürəm ki, aqressiv olacaqlar. Biz hər şeyə hazırlaşmışıq, "Qəbələ”yə asan təslim olmayacağıq.
Hazırda dördüncü pillədəyik. Üzərimizdəki məsuliyyəti də yaxşı dərk edirik. Həmin pilləni heç bir komandaya asan vermək niyyətimiz yoxdu. Çempionatın son turuna qədər bizim dayandığımız pillə uğrunda amansız mübarizə gedəcək”.