
Tovuzun "Turan” klubunun sabiq prezidenti Vidadi Əhmədovun Sportnet.az-a müsahibəsi
- I Divizionun qalibi kimi Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Turan Tovuz”un son turda "Qaradağ Lökbatan”la görüşünü izləyənlər arasında idiniz. Həmçinin mükafatlandırma mərasimində iştirak etdiniz. Təəssüratlarınız necədir?
- Yaxşı oyun oldu. "Turan Tovuz”un kollektivi əsl patriotlar kimi vuruşdular. Hamısını təbrik edirəm.
- Komandada neçə nəfər tovuzlu futbolçu olması ilə maraqlandınız?
- Dərinə getmədim. Bildiyimə görə əksəriyyəti tovuzludur, 1-2 nəfər kənardan gəlib.
- Yəqin ki, mükafatlandırma mərasimində görüşləriniz oldu. Rayon rəhbərliyi, məhsul şəxslər komanda barəsində nə fikirdədilər.
- Hamının bir fikri var – "Turan Tovuz” güclülər dəstəsində çıxış etməlidir və Azərbaycan futbolunu bu komandasız təsəvvür etmək mümkün deyil. Lakin fikir, istək başqa, reallıq başqadır. Azərbaycan futbolunun inkişafını istəyiriksə, komanda mütləq Premyer Liqada çıxış etməlidir.
- Qeyd etdiniz ki, istək ayrıdı, reallıq ayrı...
- Çalışmaq lazımdır ki, "Turan Tovuz” elitada təmsil olunsun. Əlbəttə, I divizionda da oynayırlar. Amma bunlar fərqli yarışlardır. Premyer Liqanın öz tələbləri var. Bütün yaş qrupları üzrə komandalar təşkil etməyə məcbur olacaqlar. Uşaqları o qədər ora-bura aparıblar ki... Olmaz ki, həmin məktəblər Tovuzda təşkil olunsun?
- "Turan Tovuz”un Premyer Liqada çıxış etməsi üçün nə qədər vəsait lazımdır?
- Komandanı bir il saxlamaq üçün ən azı 600-700 min manat lazımdır. Heç olmasa, 500 min. AFFA-nın da elitaya lisenziya almaq üçün bank təminatı 500 min manatdır. AFFA-ya klublara yardım etdiyi üçün təşəkkürümüzü bildiririk. Çox iş görüblər. Təəssüf ki, çatdırmaq çətindir. Kənardan baxan adama həmişə asan gəlir. Özüm bu işlərin içində olmuşam, futbol klubu nə deməkdir – yaxşı bilirəm. Böyük vəsiat lazımdır.
- Tovzulu iş adamlarının klub üçün fond təsis etməkləri mümkün deyil?
- Fərdi olaraq kimlərsə nəsə etmək istəyə bilərlər. Lakin birlikdə heç bir iş görülməyib. Şəxsən mənim elə imkanım yoxdur. Hazırda komandanı saxlaya biləcək min adamdan biri ola bilərəm (gülür).
- Amma vaxtilə komanda üçün çox işlər görmüsünüz...
- Bu gün isə ən böyük arzum "Turan Tovuz”un yaşaması və Azərbaycan Premyer Liqasında təmsil olunmasıdır.
- Hər halda iş adamları üçün də stimul olmalıdır. Keçmiş klub rəhbərləri kimi onlara nə məslhət görə bilərsiz? Vəsiat ayırmaqlarının qarşılığında nə kimi gözləntiləri ola bilər?
- Toplantı keçirilsə və fikir mübadiləsi aparılsa, bəlkə də, nəticə əldə etmək olar.
- Dövlət tərəfindən onlara hansısa güzəştlərin tətbiqi, məsələn, vergidən azad olunmaları mümkündür?
- Vergidən azad olunma düz fikirdir. Əvvələr Azərbaycan qanunvericiliyində də belə bir bənd var idi, indi xəbərsizəm. Vergidən tam azad etmək mümkün olmasa da, başqa imtiyazlar vermək olar. Başqa ölkələrin təcrübəsinə müraciət etmək lazımdır. Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq? Dəyişikliklər tətbiq edilməli, digər varinatlar gözdən keçirilməlidir. Çıxış yolu yalnız budur: digər ölkələrin təcrübəsinə müraciət etməliyik.