Gürcüstanın "Samtredia" klubunun futbolçusu Nika Sandoxadze "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi əvvəlcə matçı dəyərləndirib...
- Oyun çətin keçdi. Biz güclü komandaya qarşı oynayırdıq. Uşaqlar əllərindən gələni ortaya qoymaq üçün hər şey etdilər. Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticədə uğursuzluğa düçar olduq. Sağ olun ki, gəldiniz. Amma artıq diqqətimizi ölkə çempionatına yönəltməliyik.
- Əllərinizdən gələnin ən yaxşısını etdiyinizi dediniz. Bu, komandanın maksimumudur?
- Bu, əsl "Samtredia" deyil. Bizim maksimumumuz da, potensialımız da var. Amma bu gün əlimizdən gələni etdik. Uşaqlar sonadək vuruşdular. Bu mənada, çox şadam.
- "Samtredia" maliyyə baxımından kifayət qədər güclü komanda ilə üz-üzə gəldi. Bu amil mərhələ adlaya bilməməyinizdə nə dərəcədə rol oynadı?
- Maliyyə imkanlarını müqayisə etmək olmaz. Çünki bizimlə "Qarabağ" arasında çox böyük fərq var. Heç vaxt hakimin qərarlarını müzakirə etməmişəm. Amma fikrimcə, ilk görüşdə mübahisəli vəziyyətlərdə qərarlar Azərbaycan komandasının xeyrinə çıxarıldı. Fikrimcə, bizim də səhvlər var idi və reallığı qəbul etməliyik.
- Azarkeş azlığı ilk görüşdəki nəticəyə görə idi?
- Təbii. İlk görüşdə 0:5 hesabı ilə uduzduqda, cavab oyununa motivasiya olunmaq çətindir. Bu, nüfuz matçı idi. Bilirdik ki, sadiq azarkeşlərimiz, ailəmizin üzvləri gələcəklər. Biz də onlar üçün oynadıq.