Moldova "Şerif"i "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirmək üçün gəldiyi Bakıya valeh olub. Sportnet.az-ın məlumatına görə, Tiraspol klubunun rəsmi saytında yerləşdirilmiş yazıda Bakı dünyanın ən gözəl məkanlarından biri kimi qələmə verilib.
Bildirilir ki, Azərbaycan paytaxtı müasir dünyaya uzlaşan təmizliyi, yollarının genişliyi, yeni tikilmiş binaları, əla arxitekturası ilə göz oxşayır: "Əlbəttə, bu ölkədə futbolun keyfiyyətcə yüksələcəyi aydındır. "Boulevard" hotelinədək 20 dəqiqəlik yol boyunca ən azı 3 stadion gördük. Ən yenisi - Bakı Olimpiya Stadionu isə sadəcə, insanı ovsunlayır".
Yazıda Bakının hazırda turizm mövsümü üçün açıq olduğu, qonaqlar əlindən otellərdə boş yerlərin tapılmadığı da vurğulanıb. Komandanın qaldığı "Boulevard" otelində 880 yerin dolduğu da bildirilir.
Qeyd edək ki, iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 1-də olacaq.
































































































