"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"i 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Çox çətin oyun oldu. Qalib gəldiyimiz üçün şadıq. Çox əlverişsiz rəqiblə qarşılaşırdıq. Çempionlar Liqasında çətin oyunlarımızdan birini keçirdik. "Şerif"in həm futbolçularının, həm də baş məşqçisinin çox böyük istəyi var idi. Buna görə də oyun belə ağır alındı. Futbolçularımı təbrik etmək istərdim. Onlar qələbəyə layiq idilər. Azarkeşlərimizə də minnətdaram. Şəxsən mənim üçün burada oynamaq çox xoş idi. Stadiondakı ab-hava da tam fərqli idi. Azarkeşlər sakit, dinc və səliqə-sahmanlı təsir bağışladılar. "Şerif"ə uğurlar arzulayıram. Avropa Liqasının "pley-off" mərhələsində bu komandaya azarkeşlik edəcəyik. Karyeramda ilk dəfə Çempionlar Liqasının "pley-off" mərhələsinə çıxdıq. Buna görə hamımız şadıq. Püşkatmanın nəticəsini gözləyəcək və növbəti rəqiblə matçlara hazırlaşacağıq.
- Bugünkü matçda sizin üçün ən çətini nə idi?
- "Şerif"ə qarşı oynamaq tamamilə ağır idi. "Şerif" burada bir qədər fərqli çıxış edir, Bakıdakı kimi oynamırdı. Rəqib bu dəfə daha çox hücum edirdi. Oyunun əvvəlində planlaşdırılmayan əvəzləmə etdik. Belə oyunlarda bu, hamını - baş məşqçi və oyunçuları narahat edir. "Şerif" hücumda çox cəld oynayırdı. Bu da bizə çətinlik yaradırdı. Lakin futbolçularım dözdülər və fikrimcə, topla Bakıdakından cəld rəftar etdilər.
- "Şerif"in yox, sizin istəyinizə nail olmağınız taktiki cəhətdən verdiyiniz tapşırıqların daha dəqiq yerinə yetirilməsi anlamına gəlmir?
- Bir tərəfdən, bəli, razıyam. Amma digər tərəfdən, möhkəm müdafiə olunmaq istəyirdik. Hər iki hissənin əvvəlləri bizim üçün çətin keçdi. Sizinlə razılaşmaya da bilərəm. Oyunadək dediklərimizin heç də hamısı həyata keçmədi. Bu oyunu bir qədər başqa cür keçirmək istəyirdik. Hətta matçın əvvəlində sistem fərqli idi. Etiraf etməliyəm ki, çətinlik çəkdik. Bir baş məşqçi kimi sistemdə müəyyən dəyişiklik etmək, oyunçuların yerlərini dəyişmək istəyirdim ki, matça daha yaxşı başlayaq. Allaha şükür ki, hər şey bizim tərəfimizdə oldu.