Yunanıstan "Olimpiakos"unun futbolçusu Hrvoye Miliç Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Xorvatiya "Riyeka"sını ən münasib rəqib saydığını bildirib.
Sol cinah oyunçusu deyib ki, digər potensial rəqiblər onlara daha tələbkar yanaşmaq zərurəti yaradıb. Miliç ötən mövsüm İtaliya "Firentina"sında ikən "Qarabağ"la qarşılaşdıqlarını xatırladıb: "Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində üz-üzə gəlmişdik. "Qarabağ"la yenidən qarşılaşmaq istəmirəm. "Astana" və "Hapoel" barədə çox məlumatlı deyiləm. Onlarla görüşmək münasib deyil. Mən elə "Riyeka" ilə oynamağı üstün tutardım".
Bununla belə, Xorvatiya "Hayduk"unun keçmiş futbolçusu "Riyeka" barədə yüksək fikirdə olduğunu vurğulayıb: "Orada illərdir ki, əsl komanda quruculuğu gedir. Nəticələr də göz qabağındadır. Ötən mövsüm "qızıl dubl" etdilər, indi isə Çempionlar Liqasında "pley-off"a yüksəliblər".
Qeyd edək ki, Hrvoye Miliç ötən mövsüm "Fiorentina"nın evdə "Qarabağ"ı 5:1 hesabı ilə yendiyi görüşdə sonadək ehtiyatda qalıb. Bakıda 2:1 hesablı qələbə qazandıqları qarşılaşmada isə onun adı iştirak ərizəsində olmayıb. Miliç "Olimpiakos"a bu yay keçib.