Danimarka "Kopenhagen"i avqustun 15-də Bakıda "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının ilk "pley-off" matçına futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, komandanın mərkəz müdafiəçisi Erik Yohansson "Horsens"lə ölkə çempionatının V tur matçında dizindən zədələnib. 29 yaşlı oyunçunun xaçabənzər bağlarının qırıldığı və bu səbəbdən, ilin sonunadək sıradan çıxdığı güman olunur.
İsveç millisinin futbolçusu vacib oyunlarda komandasına kömək edə bilməyəcəyindən təəssüfünü gizlətməyib. Lakin Yohansson "Kopenhagen"in onsuz da keçinəcəyinə əminlik ifadə edib. Baş məşqçi Stale Solbakken müdafiənin mərkəzində çexiyalı Mixael Lüftnerin yanında Nikolay Boyleseni oynadacağını bildirib.
Qeyd edək ki, "Kopenhagen" Danimarka paytaxtından Bakıya sabah səhər saatlarında çarter reysi ilə hərəkət edəcək. Oyun isə avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.