
"Dünənki qələbə təsadüfi qələbə deyil. Siz bu qələbəyə neçə il idi ki, gedirdiniz".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib.
"Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasında qrup mərhələsində neçə dəfə iştirak etmisiniz. Sizlə əvvəlki görüşümü xatırlayıram ki, o vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmışdınız. Nəhayət ədalət öz yerini tapdı", -deyə dövlət başçısı bildirib.
Onun fikrincə, bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir: "Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.
Dövlət başçısı qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: "Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.
(Report)