Vüqar MƏMMƏDOV
"Qarabağ" "Çelsi"yə niyə böyük hesabla uduzdu? Təbii ki, rəqib güclü idi. Amma səbəb təkcə bu deyil.
Daha bir səbəb, zənnimcə, komandamızın psixoloji cəhətdən hazır olmaması idi. Oyunöncəsi məşqdə televizor ekranına iri planda düşən İbrahim Şehiçin narahat üz ifadəsini hələ də xatırlayıram. Buna narahat da demək olmazdı. Bu, edam dirəyinə aparılan məhbusun üz ifadəsinə bənzəyirdi.
Digər səbəb (yenə də zənnimcə) müdafiənin taktiki cəhətdən düzgün qurulmaması idi. Beş müdafiəçi ilə oynamağı nəzərdə tuturam. Bədavi Hüseynov - Rəşad Sadiqov tandemi, üstəgəl, sağ cinahdakı Maksim Medvedev milli komandada dünyanın bir çox güclü ölkələrinə qarşı oynayıblar. Və normal da çıxış ediblər. Elə uzağa getməyək: Antonio Kontenin İtaliyasına qarşı hər iki oyunda əksəri "Qarabağ”ın futbolçularından olan yığmamız pis oynamamışdı. Berti Foqts da, Robert Prosineçki də elə həmin dördlü müdafiədən istifadə edib. Qurbanov da belə etməli idi. Yəni, həmişə etdiyi kimi. Mərkəzdə Rəşad və Bədavi, sağda Maksim. Yalnız sol cinaha zədəli Ansi Aqollinin yerinə Yakub Jezniçakı qoymaq olardı. Və beləcə öz oyununu sərgiləsəydi, zənnimcə, nəticə belə bərbad olmazdı.
Mən müşahidə etmişəm, sistemi olan komandalar maşın, mexanizm kimidirlər. Hər hansı dəyişiklik edəndə "pereboy” işləyir. "Qarabağ” da öz oturuşmuş sistemi olan komandadır. Hər hansı dəyişiklik elədinsə, oyun pozulur. Dünənki oyunda bərbad çıxışın əsas səbəbini mən müdafidə görürəm. Müdafiənin bərbad çıxışını isə sistem dəyişikliyində.
Ehtiyac yox idi. "Qarabağ” öz oyun üslubuna sadiq qalmalı idi.
Bütün bunlara baxmayaraq, Qurban Qurbanova hər hansı irad bildirmək düzgün olmaz. O Azərbaycanın ən güclü baş məşqçisi olaraq qalır. Onu Azərbaycan futbolunda keçmiş və indiki məşqçilər arasında yalnız Əhməd Ələsgərovla müqayisə etmək olar. Qurbanov komandası üçün ən yaxşısını etməyə çalışdı, lakin belə alındı. Nə etmək olar? Bəzən uğur əldə etmək üçün çoxlu eksperiment aparmalısan və bu eksperimentlər həmişə qənaətbəxş olmur.
Məğlubiyyətin böyük hesablı olmasında başqa səbəblər də var ki, bunlar detallardır. Məsələn əvəzetmələr. Yeri gəlmişkən, Rəşad Sadıqovu tənqid edənlərin nəzərinə. Sadıqov meydanda olduğu 70 dəqiqədə "Qarabağ” üç top buraxmışdısa (bu qolların hansındasa günahının olduğunu demək olmaz) onun meydanda olmadığı 20 dəqiqədə də üç top buraxdı. Bu, onu göstərir ki, Rəşad komandanın lideri olaraq qalır.
Sadəcə, hiss olunur ki, məşqçilik onun enerjisini alır və müəyyən qədər çıxışına təsir edir. Amma onun lider olaraq qalmasına mane olmur.