"Qələbə qazanmağı çox istəyirdik. Qarşılaşmanın ağır keçəcəyini bütün komanda olaraq başa düşürdük. Amma sevinirəm ki, 3 xalı qazanan tərəf biz olduq. Bütün komanda yoldaşlarıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Azər Salahlı səfərdə "Səbail"i 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra klub televiziyasına müsahibəsində deyib. İlk qolun müəllifi bildirib ki, komanda oyununda topun kim tərəfindən vurulmasının elə də önəmi yoxdur: "Əsas o idi ki, qələbə qazanaq. Qol epizodunda isə bəxtim gətirdi ki, top qarşıma düşdü, vəziyyətdən yararlanıb, hesabı açdım. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilədən də maksimum yararlanmağa çalışacağıq. Səhvlərimiz üzərində çalışıb, növbəti oyuna hazırlaşacağıq”
Qeyd edək ki, 2016-cı ildən "Sumqayıt"da çıxış edən Azər Salahlı ümumilikdə 34 qarşılaşmada 2782 dəqiqə meydanda olub. Salahlı meydana çıxdığı oyunlarda 2 qol vurmağı da bacarıb.