"Yeni baş məşqçinin gəlişindən sonra komandada böyük dəyişikliklər hiss olunur. Əsas çatışmazlıqlardan biri motivasiyanın olmaması idi".
Sportnet.az-ın məlumatına görə bunu "Neftçi" ilə müqaviləni uzadan futbolçu Uqo Barqas klub televiziyasına açıqlamasında deyib. O bildirib ki, əvvəllər futbolçularda özlərinə qarşı inamsızlıq olub. Fransalı hücumçunun fikrincə, baş məşqçi dəyişikliyi flaqmana hər cəhətdən müsbət təsir göstərib: "Həm futbolçularda, həm də oyunumuzda irəliləyiş oldu. "İnter" üzərində layiqli qələbə qazandıq. Hər oyuna "İnter"lə olduğu kimi məsuliyyətlə yanaşsaq, qələbə bizim olacaq".
"Mənim üçün ən vacibi komandama fayda verməyimdir" deyən Barqas son oyunlarda baş məşqçi Tərlan Əhmədovun ona daha çox etimad göstərməsindən məmnunluq ifadə edib: "Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Əvvəllər hər matçda meydana çıxmırdım, indi isə sabit olaraq oynayıram. Davamlı meydana çıxanda daha çox xeyrim dəyir. Əlbəttə, qol vurmaq mənim üçün əhəmiyyətlidir. Çünki, hər dəfə qol vurandan sonra hücumçuda özünəinam hissi daha da artır. Hücumçular əsasən qol vurmaqla yaşayırlar. Amma müasir hücumçular qol vurmaqla yanaşı, məhsuldar ötürmə də verməyi bacarmalıdırlar".
31 yaşlı forvard komandada böyük dəyişikliklərin baş verməsindən sonra bütün işlərin tədricən qaydasına düşdüyünü vurğulayıb: "Hər birimiz anlayırıq ki, "Neftçi"ni çətin vəziyyətdən çıxarmalıyıq. Bu işdə azarkeşlərdən də böyük dəstək gözləyirik. Həftəsonu bütün azarkeşlərimizi stadiona dəvət edir, bizi dəstəkləməyə çağırıram. Çalışacağıq ki, bunun cavabını meydanda qələbəmizlə verək".