Qapıçı Matey Delaç İngiltərənin "Çelsi" klubundan getməyə qərar verib. Sportnet.az-ın məlumatına görə, buna 25 yaşlı qolkiperin iş üçün icazə ala bilməməsi səbəb olub.
Bosniya və herseqovinalı oyunçu "zadəganlar"a 2009-cu ildən məxsusdur. Lakin bu müddətdə Delaç London komandasının əsas heyətində heç bir rəsmi matça çıxa bilməyib. O, kollektivdəki istənilən futbolçu ilə müqayisədə daha çox müddətdir "Çelsi"dədir.
Qapıçı 2009-cu ildən etibarən müxtəlif komandalarda icarədə olub. O, Xorvatiyanın "İnter" (Zapreşiç), Hollandiyanın "Vitess", Çexiyanın "Dinamo" (Çeske-Budeyevitse), Portuqaliyanın "Vitoriya", Serbiyanın "Voyvodina", Bosniya və Herseqovinanın "Sarayevo", Fransanın "Arl-Avinyon" və Belçikanın "Muskron-Peryuvelz" klublarında çıxış edib.
Qeyd edək ki, azərbaycanlı futbolçulardan Araz Abdullayev də 2010-cu ilin yayında İngiltərə "Everton"una keçsə də, işçi vizası ala bilməməsi səbəbindən bu klubda oynaya bilməyib. "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir.









































































