"Belə məğlubiyyətə təəssüflənirik. Almaniyaya qarşı oynamağın çətin olduğunu bilirik. Səfərdə də çox qol buraxmışdıq. Yəqin ki, ilk oyundakı nəticə və komandanın adı psixoloji təsir yaratmışdı".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Almaniya yığmasına 0:7 hesabı ilə uduzduğu 2019-cu il Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
Baş katib "Kəpəz"də baş verənlər haqqında da danışıb...
- Biz ictimai təşkilat olaraq çox şəffaf idarəçilik edirik. Hər addımımızda çalışmışıq və gələcəkdə də çalışacağıq ki, qapalı, sirli nəsə qalmasın. Çünki futbol milyonların oyunudur. Doğrudur, bəzi starteji qərarlar olur ki, onlar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır, ancaq belə məsələlərdə şəffafıq. Qaldı ki, "Kəpəz”də olan hadisələrə, biz özümüz bu barədə elan verdik, açıqladıq. Vəzifəyə təyin olunmuş müəyyən şəxs son zamanlar işinin öhdəsində gələ bilməyib, müəyyən qüsurlar olub, biz də onu azad etmişik. Qalan məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar.
- Şəxsən sizin adınızın bu məsələdə hallanması barəsində nə deyə bilərsiniz?
- Mən yenə deyirəm: Biz şəffafıq, işimiz düzdür, ona görə də çəkinəcək heç bir hərəkətimiz yoxdur. Gələcəkdə də belə olacağıq. Böyük strukturun idarə olunması zamanı bu cür halların meydana çıxması normaldır. Kimsə adımı hallandırıbsa, mən nə deyə bilərəm? Sübut varsa, buyursunlar, ortaya çıxarsınlar. Klubdakı mühasib xanımla Bakıda görüşdük, ona bir neçə hüquqi sualım var idi, auditin qarşısında həmin sualları ünvanladım, cavabımı aldım. Mən auditin gəldiyi nəticəyə əsasən deyirəm, "Kəpəz”də ciddi, kritik maliyyə pozuntusu yoxdur. Olsaydı, tamamilə başqa addım atardıq. Unutmayaq ki, həmin kluba AFFA tərəfindən nə qədər vəsait ayrılıb, klubun büdcəsi nə qədərdir, hamısı AFFA-nın saytında yazılıb və 2018-ci ilin hesabatında yenə sizə təqdim olunacaq.
- Şahin Diniyev müsahibəsində bildirmişdi ki, onun əməkhaqqı kartına 10 500, bəzi hallarda isə 9 500 manat köçürülüb, lakin əmək haqqı 7 000 manatdır. Baş məşqçi qeyd edib ki, qalan məbləğ cari xərclərə sərf olunub. Müxtəlif əməliyyatlara, ləvazimatlara və s. Sizcə, bu, doğrudur?
- Təbii ki, doğru deyil. Heç cür qəbul etmək olmaz. Məhz bu kimi məsələlərə görə biz ora audit yoxlama göndərdik. Nəticələrdən belə başa düşmək olar ki, müəyyən səhvlər var, ancaq kritik deyil. Bunu dəfələrlə demişəm. Sadəcə, bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar.
- Necə oldu ki, "Kəpəz”də yoxlama aparmaq qərarına gəldiniz?
- Çalışırıq ki, AFFA-dan gedən bütün vəsaitləri nəzarətdə saxlayaq və aidiyyatı üzrə xərclənməsini yoxlayaq. Təbii ki, biz bunda məsuliyyət daşımırıq. İlk növbədə, maliyyə ayrılmış təşkilat məsuliyyət daşıyır. Ancaq bu, mənim istəyimdir ki, rahat olum. Yoxladıq və məlum oldu ki, bəzi düzgün olmayan nüanslar var. Biz bütün prosesi şəffaf şəkildə etdik. Günahkarı da işdən uzaqlaşdırdıq. Bunun üçün hətta bizi – AFFA-nı alqışlamalısınız.
- Yəqin ki, AFFA-dan maliyyə yardımı alan digər klubları da yoxlayacaqsınız?
- Əlbəttə. Növbəti yoxlama "Keşlə”də olacaq. Daha sonra "Zaqatala”, MOİK və digər klublar yoxlanılacaq (apasport.az).