Topaz Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ”ın futbolçu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bildirib:
"Sumqayıt”ın son vaxtlar yaxşı oynadığını görürdük. Oyunun əvvəllərində istəmədiyimiz qırmızı kart oldu. Planlarımız dəyişdi. Komanda ruhdan düşmədi. 10 nəfərlə oynamağımıza baxmayaraq, bu matçda qalib gəldik.
Son dəqiqələrdə "Sumqayıt” təziqi artırmışdı.
- Son dəqiqələrdə 2:1 olsaydı "Qarabağ” üçün daha çətin olardımı?
Əlbəttə. 2:1 olsaydı onlar daha da motivasiyalı şəkildə oynayacaqdılar. Amma rəqibin təziqi normaldır. Biz 10 nəfərlə mübarizə aparırdıq. Ona görə oyunun axırında top daha çox onlarda oldu. Buna baxmayaraq qalib gələn tərəf biz olduq.
- Çempionatın yaxşı səviyyədə olduğun deyirlər. Amma bu gün avrokuboklar üçün oynayan "Sumqayıt” 10 nəfərlə qalan "Qarabağ” qarşısında heç nə edə bilmədi. Bu onu göstərirmi "Qarabağ” rəqabətsiz çempionatda liderdir?
Bir-birimizi aldatmamalıyıq. Həqiqətəndə bu günkü çempionat əvvəlki çempionat deyil. Premyer Liqada 8 klubun olması səviyyənin aşağı düşməsi deməkdir. İnanıram ki, tezliklə bu problem aradan qaldırılacaq. Biz daha gərgin, çətin çempionat istəyirik. Daha çox klublar olsun. Bizim üçün də maraqlı olsun.
- "Qarabağ”ın son oyunlarında əcnəbi futbolçular qırmızı vərəqə alır. Bu nə ilə bağlıdır? Təsadüfdür yoxsa?
Bunların hamısı təsadüfdür. Yəqin ki, bu hallar aradan qaldırılmalıdır. Komanda olaraq hər oyun qırmızı kart almağımız oyun səviyyəmizi aşağı salır. Hər oyun daha da diqqətli olmalıyıq.
"Çelsi” ilə oyun barədə nə deyə bilərsən?
Biz oyunun gərginliyin başa düşürük. Qalibiyyət haqqında fikirləşmək xəyal olardı. Biz yaxşı oyun göstərmək istəyirik. "Çelsi” kimi komandaya burda çətinlik yaşatmaq istəyirik. Azərkeşlərlə birlikdə bunu bacaracağıq. "Çelsi”yə gərgin anlar yaşatmaq arzusundayıq. Nəticə olsa çox sevinərik. Olmasa da bu gün biz dünyanın böyük klublarına qarşı oynayırıq.
Gecənin süprizi baş tuta bilər?
Gündəlik həyatımız da bu oyuna köklənib. Əlimizdən gələni edəcəyik.
Pedronun olmamağı ilə bağlı nə deyə bilərsən?
Pedronun olmamağı həqiqətən də itkidir. Onun epizodunu müzakirə etməyə dəyməz. Təmiz qırmızı kart idi. Onun olmaması bizim üçün problemdir. Pedronun yerinə oynaya biləcək futbolçularımız da var. İnanıram ki, onlar "Çelsi” ilə oyunda bizə daha kömək edə biləcəklər.
Komandanın Çempionlar Liqasında 3-cü yer şansı var. Nə dərəcədə real görürsən bunu?
Bizim bu nəticəni əldə etməyimiz "Atletiko”nun oyunundan asılı olacaq. Taleyimiz daha çox Madriddə həll olunacaq.
"Qarabağ” üçün "Tottenhem”lə matçda da çətinlik olub. Hiss olunur ki, İngiltərə klubları ilə komanda daha çox çətinlik çəkir?
Məndə elə fikirləşirəm. Ölkə olaraq da götürsək almanlar daha yaxşıdır. İngilislər və almanlar ispanlara və italyanlara nisbətən daha yaxşı oyun sərgiləyirlər. Daha da çox qol vurmaq istəyirlər. Oyuna çox tez motivasiya olurlar. Məncə "Tottenhem”lə evdə yaxşı çıxış etmişdik. Son dəqiqələrdə şanssız qol buraxdıq. Düşünürəm ki, evdə xal ala bilərik. Azərbaycanda həmin gün futbol bayramı olacaq. Düşündüyümüz kimi olsun. Bütün xalqımızı, dövlətimizi sevindirək.