"Oyun gərgin oldu, maraqlı keçdi. "Kəpəz"in qış fasiləsindən sonra heç bir komandaya asan məğlub olmadığını, sonadək mübarizə apardığını bilirdik. Hətta analizlər etdikdə, "Kəpəz"in hesabda geri olduğu oyunlarda da son dəqiqələrdə qol buraxdığını görürdük".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Gəncədə Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turu çərçivəsində "Kəpəz"lə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında deyib.
Baş məşqçi komandasının oyununu isə belə dəyərləndirib: "Uşaqlar verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışdılar. Bircə qolumuz çatmadı. "Kəpəz"lə oyunda 3-4 dəfə qol şəraiti yaradıb ondan istifadə etməmək bizim üçün çətin oldu. Bura 3 xal üçün gəlmişdik. Çempionat davam edir. Bilirik ki, komandamız çətin durumdadır, bizim üçün hər bir xal vacibdir. Amma yenə də futbolçuları əzmkarlıqlarına, meydanda vuruşduqlarına görə təbrik etdim. Oyundan razı qaldım. Növbəti görüşə baxarıq".
Gənc mütəxəssisin sözlərinə görə, 7 oyunu analiz etdikdə komandanın yüz faizlik qol epizodlarından istfadə etmədiyi məlum olur: "Burada qeyri-adi bir şey yoxdur. Hər şey meydanda görünür. Qış fasiləsindən sonra ilk turda Sumqayıt"la oyunda, ikinci hissədə 3 yüz faizlik qol epizodumuz oldu. Düzdür, "Qəbələ" və "Keşlə"yə qarşı o qədər də yaxşı oynamadıq. Amma hər oyunda qol epizodlarımız olur. "Qəbələ" ilə oyundan sonra bir neçə futbolçumuz cəzalı olduğu üçün heyətdə dəyişikliklər etdik. Son 2-3 oyunda sabit oynayırıq. Futbolçularımız bir-birlərini indi daha çox anlayırlar. Çünki komandaya yeni gələn futbolçular da var. Məncə, bizdə qol çatmır. Elə bir böyük problemimiz yoxdur. Əlimizdə yaxçı fürsət olsa da, əldən verdik. Amma təslim olmamışıq, həvəsdən də düşmürük. Bu, idmandır. Sonadək mübarizə aparacağıq".
Abbasov zəif nəticələrdən sonra kreslosunun laxladığı və yerinə namizədlərin olmasına dair xəbərlərə də münasibət bildirib: "Əlbəttə, yazmaq mətbuatın işidir. Bəzi məlumatlar şayiə səviyyəsindədir. Rəhbərliklə söhbət etmişik. Xal qazanmadığımız üçün rəhbərliyimiz də üzülür. Amma bizə inandıqlarını bildirdilər. Hazırda işimizin başındayıq. Çalışacağıq ki, bu durumdan çıxaq. Bu gün komandamıza dəstək lazımdır. Rəhbərlik arxamızdadır. Son zamanlar "Zirə" haqda çox şey yazırlar. Bu da normaldır. Nəticələrimiz olduqda, bizdən o qədər də yazmırdılar. Bunun da səbəblərini bilirik. Gənc yaşımızdan bu işin içindəyik. Hər şeyi normal qarşılayıram. Bu də mənim üçün bir təcrübədir, keçməliyəm. Hər şey ola bilər. Heç bir baş məşqçinin yeri zəmanətli deyil. Lakin "Zirə" mənim üçün doğmadır. I Divizionda çıxış etdiyi vaxtdan bu klubdayam. "Zirə"nin nəticə qazanmasını və Avropa Liqasında iştirak etməsini ən çox mən istəyirəm. Hər yazılana fikir versək, gərək işimizi ataq, onları oxuyaq. Şəxsən mən oxumuram və bu barədə fikirləşmirəm".