İtaliyada 13 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışda iştirak edən "Qəbələ” turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. "Qırmızı-qaralar” Sloveniyanın "Bravo” komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub. "Qəbələ” isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya "Udineze”si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə "Uimbldon”undan üstün olublar.
Qeyd edək ki, "Qəbələ” 3-cü yer uğrunda oyuna qədər keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Komanda qrupda Bolqarıstan "Sofiya Sport B”sini 14:0, İtaliya "Livintana”sını 11:0, "Ankona”nı 3:1, 1/8 finalda Xorvatiya "Hayduk”unu 3:2, 1/4 finalda İsveçrə "Mendrisiotto Selection”unu 5:1 hesabı ilə yenib. Lakin "qırmızı-qaralar" yarımfinalda İngiltərə "Uimbldon”una əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmada penaltilərlə uduzub – 4:5.






































































