1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fərhad Vəliyev: “Üçüncü yeri əldən vermək istəmirik” - MÜSAHİBƏ
"Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevin Sportnet.az-a müsahibəsi
- "Sumqayıt" qış vasiləsindən sonra Topaz Premyer Liqasında ən yaxşı nəticə göstərən komandadır. Ardıcıl 9 görüşdə məğlub olmamağınız təlim-məşq toplanışındakı səmərəli işin nəticəsidir?
- Əlbəttə, Antalyadakı təlim-məşq toplanışında mövsümün qalan bölümünə yaxşı hazırlaşdıq. Sonuncu oyunu çıxsaq, toplanışın digər yoxlama görüşlərində yaxşı nəticə əldə etdik. Çempionatda isə oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Komandanın gücü var. Qış fasiləsindən yaxşı faydalandıq. Nəticələr də onu göstərdi ki, normal şəkildə hazırlaşmışıq.
- "Sumqayıt" güclü rəqiblərlə matçlarda da artıq daha inamlı təsir bağışlayır. Turnir cədvəlində 3-cü sırada olan "Zirə"ni arxada qoydunuz. Uğurlu çıxışın əsas səbəbi nədir?
- Əsas səbəb kimi məşqçilərimizi göstərə bilərəm. Həm də bizim çox yaxşı kollektivimiz var. Hər mövqedə təcrübəli, cavan və istedadlı oyunçular yer alıb. "Sumqayıt"ın yerli futbolçulardan ibarət olması sevindirici haldır. Deyərdim ki, əvvəlki illərlə müqayisədə daha güclü heyətə malikik. Həm də kollektivdə sumqayıtlı futbolçuların da sayı artıb. Bütün bunlar nəticədə öz əksini tapır.
- Növbəti turda əsas rəqiblərinizdən hesab olunan "Neftçi" ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsünüz?
- Komanda olaraq hər oyuna önəm veririk. Matçlara baxanda görürük ki, heç biri bizim üçün asan olmayıb. Üçüncü dövrədə qazandığımız xalları çətinliklə əldə etdik. Bundan sonrakı görüşlər isə bizim üçün finala bərabərdir. Oyunlarda maksimum nəticə əldə etmək istəyirik. Məqsəd məğlub olmamaqdır. Bu seriyanı davam etdirməyi hədəfləmişik. "Neftçi"yə qarşı yaxşı səfər matçlarımız olub. Uduzmamağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Üçüncü yeri əldən vermək istəmirik.
- Qış fasiləsində komanda üzvlərinizin əksəriyyəti daha çox Azərbaycan Kuboku haqda düşündüklərini deyirdilər. İndi isə medalçılar sırasına düşmək şansınız var...
- Bəli, kuboka da önəm veririk. Amma indi ilk növbədə, çempionata fikir vermək lazımdır. "Neftçi" ilə oyunu fikirləşirik. Bu qarşılaşamadan sonra kubok barədə danışmaq olar. Hər iki cəbhədə ciddi hazırlaşırıq. Medalçılar sırasına düşməyimiz də əla olar.
- Uğurlu nəticələrin fonunda Kamran Quliyevin "Neftçi"yə keçidi şok effekti yaratdı. İndi isə Amil Yunanov, Cavid İmamverdiyev, Tural Axundov kimi futbolçularınızın yay fasiləsində "Neftçi”yə keçəcəkləri söylənilir. Bu cür söz-söhbətlər komanda olaraq, sizə necə təsir edir?
- Bu cür xəbərlərə yalnız mətbuatda rast gəlmişəm. Kollektivimizdə belə söhbətlər olmayıb. Hamı indi çempionatı fikirləşir. Klubun prezidenti də dəyişdi. Futbolda belə hallar olur. Biz futbolçular öz işimizi görməliyik. Rəhbərlik də dəyişə bilər, onlara da uğurla arzu edirəm. Artıq yeni prezidentimiz var. Riad Rəfiyev çox peşəkardır. Məşqlərimizi izləyir, bütün işlərimizlə maraqlanır və dəstəyini əsirgəmir. Onunla birgə böyük uğurlara imza atmaq istəyirik.
- Komandanın avrokuboklara vəsiqə qazanması azarkeşlər üçün də böyük hədiyyə olar...
- Əlbəttə. "Sumqayıt" neçə ildir çempionatda çıxış edir. İlk dəfədir ki, belə şans qazanmışıq. Çalışacağıq ki, bu şansı yaxşı dəyərləndirək.