Qarabağ"ın futbolçusu Elvin Yunuszadə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi öncə oyunu dəyərləndirib.
-"Səbail”lə çempionatımızda çətin oyunlarımızdan birini keçirdik. Yanvardan bəri asan oyun olmayıb. Qalib gələ bildik. 3 xal bizim üçün vacib idi. Artıq növbəti oyunu düşünməliyik.
-Gec olsa da, bu barədə soruşmaq istərdik. Millidən kənarlaşdırılmağın və "Qarabağ”da əvəzedici heyətə göndərilməyinlə bağlı qərardan danışardın...
-Bu, haqlı qərar idi. Nə məslət gördülərsə, tabe oldum. Qurban müəllimlə də söhbətimiz baş tutdu, hər şeyi qaydasına qoyduq. Söz verdim ki, belə səhvi təkrar etməyəcəm. O da məni anladı. Həmişəki kimi yanımda oldu.
-Milliyə dəvət alacaqsan?
-Artıq bunu Qurban Qurbanovdan soruşmaq lazımdır. Mən canla-başla hazırlaşmağa davam edəcəm. Qərarı isə baş məşqçi verəcək. Çağırmasa da hörmətlə yanaşacam.
-İkinci dəfə Qurban Qurbanov səni əfv etdi. Belə deyək, Allah üçüncüdən saxlasın?
-Hər şeydən öncə deyim ki, bunu bilərəkdən etmədim. Ancaq səhv səhvdir. İstəməyərəkdən olsa belə. Bunu boynuma alıram. Gərək 10 dəfə, hətta 100 dəfə diqqətli olum ki, səhvi təkrar etməyəm.
-Bir neçə epizodda səhvə yol verdin. Bu, həyəcanlı olmağınla əlaqəli idi?
-Sonuncu dəfə "Neftçi” ilə görüşdə oynamışdım. 4 həftəyə yaxın idi ki, meydanlara çıxmırdım. Gözlədiymdən hətta yaxşı çıxış etdim. Əvvəlki oyunlarda da səhv etmişəm. Amma bugünkü matçdakı səhvlərim gözə görünməli idi ki, bunu da başa düşürəm.
-Bədavi Hüseynovun yoxluğunda daha çox oynayırsan. Artıq o, geri dönməyə hazırlaşır...
-Çox sevinirəm ki, geri dönür. Dostum və komanda yoldaşımdır. Bədavi olanda da çox oynamışıq. Buna ancaq sevinirəm".