Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə və Fransada təşkil olunmuş qarşılaşmaların hər birində iki qol vurulub. "Arsenal"la səfər matçında İspaniya "Atletiko"su artıq 10-cü dəqiqədə azlıqda qalıb. Şime Vrsalyo ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Buna etiraz edən baş məşqçi Dieqo Simeone isə texniki zonadan kənarlaşdırılıb.
Meydan sahibləri say üstünlüyündən 61-ci dəqiqədə Aleksandr Lyakazettin qolu ilə yararlana biliblər. Bununla belə, 82-ci dəqiqədə "Atletiko"nun hücumçusu Antuan Qrizmann bərabərlik qolunu vurmağa müvəffəq olub. Bununla da görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Fransada isə "Marsel" "Zaltsburq" üzərində inamlı qələbə qazanıb - 2:0. Qolları 15-ci dəqiqədə Florian Toven, 63-cü dəqiqədə isə Klinton NJi vurub.
Qeyd edək ki, cavab görüşləri mayın 3-də keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
26 aprel
23:05. "Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1
Qol: Aleksandr Lyakazett, 61 - Antuan Qrizmann, 82
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Kleman Türpen (Fransa)
23:05. "Marsel” (İngiltərə) – "Zaltsburq” (Avstriya) - 2:0
Qollar: Florian Toven, 15. Klinton NJi, 63
Baş hakim: Uilyam Kollam (Şotlandiya)