
"Millinin baş məşqçisi olduğum üçün qürur duyuram. Bu, mənim həyati ambisiyam idi. Ölkəmin komandasına başçılıq etmək imtiyazı almağımdan şadam".
Sportnet.az-ın məlumatına görə, bunu Malta milli komandasının yeni baş məşqçisi Rey Farruciya təyinatı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. 63 yaşlı mütəxəssis bildirib ki, bu etimadı doğrultmaq və millini irəli aparmaq üçün əlindən gələni edəcək".
Farruciya UEFA Millətlər Liqası dövründə ondan gözləntilərin miqyasını anladığını, lakin gərgin iş, fədakarlıq və bütün maraqlı tərəflərin - oyunçular, texniki personal, klublar, səlahiyyətli şəxslər və azarkeşlərin dəstəyi ilə vəziyyəti daha yaxşı səviyyəyə çatdıracaqlarını bildirib.
Pro kateqoriyalı mütəxəssisin ilk işi komandanı may-iyunda Avstriyada keçiriləcək təlim-məşq toplanışına hazırlamaqdan ibarət olacaq. O, aprelin 25-də istefaya göndərilmiş Tom Saintfiti əvəzləyib.
Qeyd edək ki, Malta millisi Millətlər Liqasında Azərbaycan, Farer adaları və Kosovo ilə eyni qrupda yer alıb.