1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Günah özümüzdə idi” - MÜSAHİBƏ
Debüt ilində Yüksək Liqanı ikinci pillədə başa vuran və Azərbaycan Kubokunu qazanan "Marafon Futsal”ın təcrübəli oyunçularından Seymur Məmmədov federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Əvvəlcə kubokun finalı haqda danışaq. Başa düşürük, həlledici qarşılaşma idi, məsuliyyət, titul qazanmaq istəyi və s. Amma gərginlik gözləniləndən daha çox oldu. "Cərəyan şiddəti”ni artıran məqamlar hansılar idi?
- Bu mərhələ cəmi bir oyundan ibarətdir. Səhv etsən, mövsüm ərzində çəkdiyin əziyyət heçə enəcəkdi. Üstəlik, rəqibimiz demək olar, legionerlərdən qurulmuş komandadır. Özlərini sübut etməyə çalışırdılar. Məncə, əsl finala yaraşan oyun oldu. Təbii ki, qələbə qazandığımıza görə, şadıq.
- Oyunun əvvəlində hesabda 2 top fərqi ilə geri düşdünüz. Bu zaman narahatlıq var idi?
- Əlbəttə, narahat idik. Bunun da günahı özümüzdə idi. Oyunun əvvəlində boşluqlara yol verdik, müdafiəni düzgün qurmadıq. Sonradan məşqçilərin müdaxiləsi ilə taktikanı dəyişdik, səhvləri aradan qaldırdıq. Bu dəyişiklik hesabda da əksini tapdı.
- Ancaq bir oyunda 10 sarı, 3 qırmızı vərəqə sıradan göstərici deyil…
- Onlar çox istəyirdilər ki, güclü olduqlarını sübut etsinlər. Xüsusilə də iranlı futzalçılar bu mənada seçilirdi. Bizim komandada da onların həmyerliləri var. Açığı, vəziyyət gözlənilən idi.
- Özün debütant olmasan da, komandan ilk dəfə Yüksək Liqada çıxış etdi. Gümüş medalı qazandınız, kubokda hamıdan güclü oldunuz...
- Çempionatı ikinci pillədə başa vurmağımız, kubokda hamıdan güclü olmağımız bizim üçün böyük nailiyyətdir. İndi qarşıdakı mövsümdə bunun davamını gətirmək lazımdır. Zirvəyə yüksəlmək nə qədər çətindirsə, orda qalmaq daha çətin, ağırdır.
- Hansının çəkisi "ağırdır”: gümüşün, yoxsa qızılın?
- Zirvə hər zaman zirvədir. Ona görə də kubokun qızılı daha "ağırdı”. Bu, bizə əlavə motivasiya, stimul verəcək.
- Bəs çempionatda ən çətin, yaddaqalan oyununuz hansı oldu?
- "Araz”la son qarşılaşmamız çox maraqlı və yaddaqalan oldu. Qələbə qazandığımıza görə yox, sarı və qırmızı vərəqələrin həddindən artıq çox olmasını qabardardım. Ümumiyyətlə, bu komanda ilə duellərimizin hamısı maraqlı alındı. Həmin qarşılaşmalarda da yenə öz səhvimizdən məğlub olduq.
- "Araz”ı qabaqlaya bilərdiniz?
- Bir qədər düzgün oynamalı, səhvləri minimuma endirməliyik. "Araz”ın üzvləri kifayət qədər təcrübəlidirlər, ardıcıl illərdir çempion olurlar. Onları üstələmək çətindir, amma mümkünsüz deyil.
- Etiraf edək ki, komandanızda legionerlərin sayı da çoxdur...
- Razıyam, çoxdur. Legionerlərin gəlməsinin əlehinə deyiləm, amma güclülərini seçməliyik. Mövsümün əvvəlində vaxtımız az oldu, işə gec başladıq. Yeni çempionat üçün daha güclü komanda quracağımıza inanram. Bir də legionerlərlə bağlı limitin tətbiq edilməsinin tərəfdarıyam. Yerli oyunçular belədə daha çox oynamaq imkanı qazana bilər. Gənclərin inkişafı üçün bu, mütləq lazımdır.