"Sumqayıt" klubu yeni baş məşqçi axtarışları prosesində problemlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, səbəb klubun namizədlərə təklif etdiyi maliyyə şərtləridir. Avropa Liqasına vəsiqə qazana bilməyən "gənclik şəhəri" təmsilçisi büdcəsini də azaltmağa qərar verib. Bunun nəticəsidir ki, baş məşqçi təyin olunacaq şəxs üçün 2000 manat civarında maaş müəyyənləşdirilib.
Bu məbləğə isə danışıqlara cəlb olunan əksər mütəxəssislər razılaşmır. Klub son olaraq, Zaur Həşimovdan "yox" cavabı alıb. Hərçənd, Həşimovun məşqçilik təcrübəsi elə də böyük deyil. O, bir müddət "Zirə"də köməkçi-məşqçi kimi çalışdıqdan sonra ötən ilin dekabrında yeni yaradılan U-18 millisinə baş məşqçi təyin olunub.
İndi isə klubun nəzərləri Füzuli Məmmədova yönəlib. Son olaraq, "Səbail"in U-17 komandasında çalışmış Məmmədovun "Sumqayıt"la gələn həftə müqavilə bağlayacağı bildirilir.
Klubun büdcəni azaltmasının digər səbəbi baş sponsor "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayevin ekologiya və təbii sərvətlər naziri təyin olunmasıdır. Klubun Müşahidə Şurası üzvlüyündən istefa verən Babayevi kimin əvəzləyəcəyi bilinmir.
Maddi vəziyyətin zəifləməsi üzündən futbolçular da komandanı tərk etməyə başlayıb. Çempionatın ən məhsuldar yerli oyunçusu Amil Yunanov yeni müqavilə şərtlərini qəbul etməyərək, klubdan ayrılıb. Qapıçı Fərhad Vəliyev karyerasını başa vuraraq, "Səbail"də qapıçılarla iş üzrə məşqçiliyə başlayıb. Cavid İmamverdiyevin "Qarabağ"a, Azər Salahlının "Keşlə"yə üz tutacağı bildirilir. Bəhlul Mustafazadə isə müqavilə üzrə məxsus olduğu "Qəbələ"yə qayıdıb.
Bir sözlə, gələn mövsüm avrokuboklara iddialı "Sumqayıt"ın olmayacağı şühbə doğurmur.
Qeyd edək ki, komandanın əvvəlki baş məşqçisi Samir Abasov mövsümün son turunun ardından istefa verib. Onun maaşının 3000 - 3500 manat civarında olduğu bildirilirdi.