"Zirə"nin futbolçusu Dilan Duventrunun səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının VI tur oyunundan sonra Sportnet.az-a müsahibəsi
- Görüş haqda nə deyə bilərsiniz?
- Gərgin oyun keçdi. Bu gün ilk qələbəmizi qazanmaq istəyirdik. Təəssüf ki, yenə də 3 xal qazana bilmədik. Komandada yorğunluq da var idi. Ümid edirik ki, növbəti oyunda ilk qələbəmizi qazanarıq. Bunun üçün də əlimizdən gələni edəcəyik.
- Ötən tur "Neftçi" ilə matçda komanda daha yaxşı oyun göstərmişdi. Ancaq bu gün zəif çıxış etdiniz. Bu, nəyə görədir?
- Haqlısınız, əvvəlki turlarda daha yaxşı oyun göstərmişdik. Düşünürəm ki, yorğunluq da öz sözünü dedi, oyunumuza təsir etdi. Həm də 5 müdafiəçi ilə ilk oyuna çıxırdıq. Ola bilər ki, bu da çıxışımıza müəyyən qədər təsir etdi. Eyni zamanda Vüqar Mustafayevin zədələnməsini qeyd edərdim.
- Baş məşqçi ilk hissədə Sizi çox çağırır və göstərişlər verirdi. Bu, oyununuza təsir edirdi?
- Mən bunu normal qəbul edirəm. Komandamızda bir neçə təcrübəli futbolçu var. Ona görə də komanda çətin durumda olanda məsuliyyəti öz üzərimizə götürməliyik. Baş məşqçi də oyun ərzində bizə məsləhətlərini verirdi.
- Hər oyundan sonra komandanın növbəti matçda daha yaxşı çıxış edəcəyini söyləyirsiniz. Amma turlar geridə qaldıqca heç nəyin dəyişmədiyini görürük. Bu sözlərlə özünüzü aldatdığınızı düşünmürsünüz?
- Bəzən belə demək bizə əlavə güc və motivasiya verir. Növbəti oyunlarda zəif çıxış edəcəyimizi və ya qələbə qazanmayacağımızı deyə bilmərik. Ancaq düşünmürəm ki, biz özümüzü aldadırıq. Son 3 oyunda məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Fikrimcə, normal oyun göstərmişik.