Almaniyanın "Şalke" komandasının futbolçuları Çempionlar Liqasında "Portu" ilə Portuqaliyada keçirdikləri V tur matçından əvvəl gecə klubuna baş çəkiblər.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, idmançı rejimini pozanlar Yevgeni Konoplyanka, Naldo, Amin Arit, Matiya Nastasiç, Franko Di Santo, Omar Maskarel və Aleksandr Nübel olub. Onlar gecə saat 4:30-da geri qayıdıblar. Baş məşqçi Domeniko Tedesko bundan xəbər tutduqda möhkəm qəzəblənib. Görüş isə "Portu"nun qələbəsi ilə yekunlaşıb - 3:1. 
Bundan sonra "Şalke" Bundesliqada "Hoffenhaym"la üz-üzə gəlib. 1:1 hesablı heç-heçə ilə nəticələnmiş qarşılaşmada bu oyunçulardan yalnız Nastasiç meydana çıxıb. Hazırkı transfer dövründə klubun Konoplyanka, Maskarel və Di Santonu satmaq istədiyi bildirilir. Naldo isə bir neçə gün əvvəl "Monako"ya keçib. 
Qeyd edək ki, "Şalke" Çempionlar Liqasında Türkiyə "Qalatasaray"ı ilə eyni qrupda mübarizə aparıb. Almaniya təmsilçisi 2-ci, "Portu" 1-ci yerin sahibi kimi Avropanın ən nüfuzlu klub turnirinin 1/8 finalına yüksəlib. 3-cü yeri tutan "Qalatasaray" mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcək. Son pillənin sahibi Rusiya "Lokomotiv"i isə qrupda qalıb. 









                 




    
    
    
    
    
    
    
    
    





















































