"Zirə” bu gün Türkiyəyə yola düşəcək.
Sportnet.az xəbər verir ki, Samir Abasovun baş məşqçilik etdiyi kollektiv mövsümün ikinci yarısına hazırlıq məqsədilə qonşu ölkədə təlim-məşq toplanışı keçirəcək.
Premyer Liqada oynamaq hüququ qazandığı 2015-ci ilin yayından sonra komanda hər fasilə dövründə ölkə xaricində hazırlaşır. Bu müddətdə "Zirə” hər mövsümün əvvəlində və qış fasiləsində Türkiyədə toplanış keçirib. Həmin vaxtdan 7 dəfə qonşu ölkəyə yollanan qəsəbə təmsilçisi 8-ci dəfə burada hazırlıq prosesinə başlayacaq. Əvvəlki toplanışlardan dördü mövsümlərarası dövrdə, üçün ilk yarıdan sonra gerçəkləşib.
Yeddi toplanış çərçivəsində 19 yoxlama matçı baş tutub. Bunlardan birində "İnter”lə (indiki "Keşlə”) üz-üzə gələn "Zirə" 18 beynəlxalq yoxlama oyununda qüvvəsini sınayıb. Xarici klublarla duellərdə 7 qələbə qazanıb, 4 heç-heçə edib. Hesabında 23 qol olan "Zirə” 18 top buraxıb.
Qış fasiləsindəki 3 toplanış çərçivəsində baş tutan 7 beynəlxalq yoxlama oyununda heç-heçə qeydə alınmayıb. Komanda aktivində 3 qələbə var. Top fərqi isə 6:10-dur.
Qeyd edək ki, Türkiyədə keçirilən hazırlıq xarakterli qarşılaşmalarda "Zirə” yerli komandalar, həmçinin Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə üz-üzə gəlib.