
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün üçüncü yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Polşa "Pyast"ı olub. Belek qəsəbəsindəki "Gloria Sports Arena"da təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Güclü yağış altında keçən qarşılaşmada hər iki qol ilk yarıda vurulub. 9-cu dəqiqədə "Pyast" hesabı açsa da, 15-ci dəqiqədə Araz Abdullayev bərabərliyi təmin edib.
"Qarabağ" və "Pyast" komandaları 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində də üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.
Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını yenib - 3:1. Rumıniya "Botoşani"si ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.
Yoxlama oyunu
18:00. "Qarabağ" - "Pyast" (Polşa) - 1:1
Qol: Araz Abdullayev, 15
Belek, "Gloria Sports Arena".
"Qarabağ""ın start heyəti: 13. Vaqner, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 88. Rafael Məhərrəmli
İkinci hissədə meydana girənlər: Hannes Halldorsson, Filip Ozobiç, Bədavi Hüseynov, Maksim Medvedev, Donald Gerrye, Mahir Mədətov, Hacıağa Hacılı.