"Sumqayıt" klubu qış transfer pəncərəsində heyətinə qatdığı futbolçu Peyman Keşavarzdan imtina səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O, 22 yaşlı müdafiəçinin mövsüm ərzində artıq iki komandada oynadığı üçün bu addımı atdıqlarını bildirib.
Abbasov Asiyada çıxış edən futbolçuların sənədlərinin gec gəldiyini və onlar barədə məlumat toplamağın çətin olduğunu vurğulayıb: "Onun sənədlərində problem çıxdı. Sənədlər həm də gec gəldi. Futbolçu bizə kömək edə bilməyəcək".
Baş məşqçi Keşavarzın özünün də bu durumdan xəbərsiz olduğunu söyləyib: "Orada bəzi xırdalıqlar var. Özü qaydadan xəbərsiz olub, biz də çox üstünə getmədik. Bunu özümüz bildik. Bu mövsüm artıq 2 klubda çıxış etməsindən sənədi gəlib çatandan sonra məlumatımız oldu".
Qeyd edək ki, Peyman Keşavarz "Sumqayıt"la 6 ay + 1 illlik müqavilə imzalamışdı. Lakin onun cari mövsüm ərzində Omanın “Yasan Al-Vaste” və "Qostareş Fulad"da çıxış etdiyi müəyyənləşib.