“Birinci hissədə pis oynadıq. Fasilədə uşaqlara səhvlərini və düzgün oynamalı olduqlarını dedim".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi Murat Kaya Bakıda Azərbaycan millisinə 5:3 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra azfutzal.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis sınaq matçları üçün Azərbaycanı seçmələrinin səbəbini belə izah edib: "Bu oyunlar martda keçiriləcək Avropa çempionatının rəsmi oyunlarına hazırlıq xarakteri daşıyır. Yeni formalaşmış komandayıq. Çətin qrupda yer almışıq. Rəqiblərimiz İspaniya, Macarıstan və Gürcüstan milliləri olacaq. Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycan yığmasına qarşı keçirək. Qələbə qazandığımıza görə xoşbəxtik. Gələn ay keçiriləcək rəsmi oyunlarda həm Türkiyə, həm də Azərbaycan yığma komandasına uğurlar arzulayıram”.
Qeyd edək ki, iki ölkə yığması arasında növbəti yoldaşlıq görüşü fevralın 21-də keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.