Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun Çexiya "Viktoriya"sı ilə keçirdiyi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununu izləyib.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis "Maksimir" stadionunda təşkil olunmuş qarşılaşmadan məmnunluğunu dilə gətirib. "Gözəl və inanılmaz gecə oldu" deyən Yurçeviç "Dinamo"nu 3:0 hesablı qələbə münasibətilə təbrik edib: "Azarkeşlərdən tutmuş oyunçulara, məşqçilər heyəti və məşqçilər heyətinədək hamı komplimentlərə, dəstəyə layiqdir. Bu, "Dinamo"nun tarixi ərzində ən xoş təəssüratlı oyunlarından biri idi. Ürəkdən təbrik edirəm".
Qeyd edək ki, "Dinamo" "Viktoriya"ya səfərdə 1:2 hesabı ilə uduzmasına rəğmən, cavab görüşündəki darmadağın sayəsində 1/8 finala yüksəlib.