AFFA apreldə şirkətlər və iş adamları üçün konfrans təşkil edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi açıqlamasında bildirib. O, toplantıda yeni vergi məcəlləsinin izah olunacağını diqqətə çatdırıb: "Bu məqsədlə Vergilər Nazirliyinin mütəxəssisləri ilə danışmışıq. Konfransda onlar da çıxış edəcəklər".
Baş katib Vergi Məcəlləsinin iki aydır dəyişməsinə baxmayaraq, hələlik sponsorluq üçün heç bir müraciətin edilmədiyini də vurğulayıb: "Sponsorlar və şirkətlər bundan çox danışırdılar ki, niyə güzəşt olunmur. Artıq güzəşt var. Lakin iki ay keçməsinə baxmayaraq, bu günədək heç bir müraciət yoxdur. Yeni dəyişikliklərə əsasən, şirkətlər mənfəətlərindən 10 faiz idmana investisiya qoysalar, onu xərcə də sala bilərlər və vergisini ödəməkdən azad olarlar. Bu, gözəl imkan, gözəl fürsətdir. Fürsətdən istifadə edərək, nazirliyə AFFA və futbol ailəsi adından minnətdarlığımızı bildiririk" (CBC Sport).