Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İtaliyada "Yuventus" İspaniya "Atletiko"sunu, İngiltərədə isə "Mançester Siti" Almaniya "Şalke"sini qəbul edib. Hər iki görüş meydan sahiblərinin böyük hesablı qələbələri ilə yekunlaşıb.
"Yuventus" "Atletiko"nu Kriştianu Ronaldunun 3 qolu sayəsində məğlub edib. Portuqaliyalı hücumçu sonuncu qolunu penalti ilə vurub. Bununla da Ronaldu Çempionlar Liqasında 8-ci "het-trik"ə imza atıb və bu göstəricidə İspaniya "Barselona"sının lideri Lionel Messiyə çatıb.
İlk görüşdə "Atletiko" 2:0 hesabı ilə qalib gəlsə də, İtaliya təmsilçisi cavab görüşündə daha çox top vurduğu üçün mərhələ adlayıb.
"Mançester Siti" isə hələ ilk görüşdə səfərdən qələbə ilə ayrıldığı üçün formal xarakterli cavab oyununda istəyinə asanlıqla nail olub. Bu dəfə İngiltərə təmsilçisi rəqibini 7 qolla məyus edib. İlk 2 qolu Serxio Aqüero vurub. Argentinalı hücumçu ilk qoluna penalti ilə imza atıb. Fasiləyədək Leroy Sane də fərqlənib. İkinci hissədə isə Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus da qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.
-------------------
Bu UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək. Sportnet.az xəbər verir ki, görüşlərdən biri İtaliyada, digəri isə İngiltərədə təşkil olunacaq.
Günün maraqla gözlənilən qarşılaşmasında "Yuventus" İspaniya "Atletiko"sunu qəbul edəcək. İlk matçda rəqibinə 0:2 uduzan Turin təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir. "Qoca Sinyora"nın 2:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.
Hər iki kollektiv bu görüşə itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Aleks Sandro cəzalı, Andrea Bartsalyı və Sami Xedira isə zədəli olduğu üçün oyunu buraxacaq. Mattia De Şilyonun isə oyunda iştirakı sual altındadır. Madrid klubunda Tomas Partey, Dieqo Kosta cəzalı, Filipe Luis və Lukas Ernandes zədəlidir. Dieqo Qodinin isə durumuna oyun vaxtı aydınlıq gələcək.
Digər görüşdə isə "Mançester Siti" Almaniyanın "Şalke" klubu ilə dueldə sərfəli nəticə əldə ətməyə çalışacaq. Səfərdə rəqibini 3:2 hesabı ilə üstələyən "şəhərlilər"ə bugünkü matçda heç-heçə də sərf edəcək. İngiltərə təmsilçisinə Klaudio Bravo və Kevin De Brüyne zədəli olduqları üçünkömək edə bilməyəcək. Nikolas Otamendi və Fernandinyo isə cəzalıdır. Qonaqlarda isə Alessandro Şöpf zədəlidir.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 3:0
Qol: Kriştianu Ronaldu, 27; 49; 86 (pen.)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Turin. "Juventus Stadium"
İlk oyun - 0:2
4-cü dəqiqədə "Yuventus"dan Corco Kyellini qol vursa da, referi Kriştianu Ronaldunun topu "Atletiko"nun qapıçısı Yan Oblakın əlindən çıxardığını əsas gətirərək, topu hesaba almayıb.
24:00. "Mançester Siti" (İngiltərə) - "Şalke" (Almaniya) - 7:0
Qollar: Serxio Aqüero, 35 (pen.); 38. Leroy Sane, 43. Rahim Sterlinq, 57. Bernardu Silva, 71. Fil Foden, 78. Qabriel Jezus, 84
Baş hakim: Klemen Turpin (Fransa)
Mançester. "City of Manchester Stadium"
İlk oyun - 3:2
Qeyd edək ki, daha öncə Portuqaliyanın "Portu", Hollandiyanın "Ayaks", İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları 1/4 finala vəsiqə qazanıb. 1/8 final mərhələsinin cavab oyunlarına martın 13-də keçiriləcək "Barselona" (İspaniya) - "Lion" (Fransa) və "Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) matçları ilə yekun vurulacaq.