
"Bu gün sadəcə, qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, amma fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. İspaniya "Alkorkon"undan dəvət almış yarımmüdafiəçi digər sualları da cavablandırıb...
- Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi...
- Gələcək haqda heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.
- Komandanın qrupdan çıxma şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?
- Bilmirəm. Biz qrupdan çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm. Əlbəttə, bunun üçün gücümüz də, istəyimiz də var. Sadəcə, gələcəyi qabaqlamaq olmur.
- Uzun müddətdir milli komandaya dəvət almırdınız. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdiniz. O zamandan bəri millidə nə dəyişib?
- Mən həmişə yaxşı oynamaq istəyirəm. Bu, bəzən alınır, bəzən yox. Dediyiniz kimi, bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdur.
- Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdu?
- Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.
- Nikola Yurçeviç haqqında nə düşünürsüz: Komandanı gücləndirə bilərmi?
- Hələ bu barədə danışmaq çox tezdir. Yaxşı “oğlandır”, yaxşı motivatordu, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq.