
Gələn mövsüm İngiltərənin "Çelsi" komandasına "Uotford"un hazırkı baş məşqçisi Xavi Qrasiya rəhbərlik edə bilər.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, "zadəganlar"ın rəsmiləri ispaniyalı mütəxəssisi hazırkı baş məşqçi Mauritsio Sarriyə əvəzedici qismində görür. London təmsilçisi Sarri ilə mövsümə yaxşı başlasa da, sonradan komandanın nəticələri pisləşib. Klub rəhbərliyi üçün pik hədd isə "Mançester Siti"yə 0:6 hesablı məğlubiyyət olub.
"Uotford" isə bu mövsüm 32 turdan sonra 10-cu pillədə qərarlaşıb. Üstəlik, bu komanda İngiltərə Kubokunun finalına yüksələrək, "Mançester Siti"yə rəqib olub.
Qeyd edək ki, Xavi Qrasiya "Uotford"a ötən mövsüm baş məşqçi təyin olunub. 48 yaşlı mütəxəssis əvvəllər İspaniyanın "Osasuna" ilə "Malaqa" və Rusiyanın "Kazan" komandalarına rəhbərlik edib.