“Birinci hissədə çox pis oynadıq. Hətta oyunumuzu faciə də hesab edə bilərəm".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Serbiyaya 5:7 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra affa.az-a açıqlamasında deyib. Braziliyalı mütəxəssis fasiləyədək gördüyü çatışmazlıqları açıqlayıb: "Futzalçılarda istək var idi, ancaq oyuna konsantrasiya ola bilmirdik. İntizamsızlıq, çoxlu səhvlərə yol verməyimiz rəqibin ardıcıl qollar vurmasına şərait yaratdı".
Da Silva ikinci hissədə fərqli çıxış etmələrinin səbəbini isə belə izah edib: "Fasilədə uşaqlardan sakitləşməyi, tapşırıqları yerinə yetirməyi tələb etdim. Nəticədə ikinci hissədə tam fərqli oynadıq. Qapıçını meydan oyunçusu ilə əvəzlədik. Bu taktika üzərində demək olar, hər məşqdə işləyirik. Serbiya yığması da çox istəkli idi. Xüsusilə birinci oyundakı məğlubiyyətdən sonra bu dəfə qarşılaşmaya 200 faiz köklənmişdilər. Azarkeşlərini sevindirmək istəyirdilər. Rəqibimiz kifayət qədər güclü, intizama riayət edən, fiziki, taktiki-texniki cəhətdən seçilən, əla kollektivə malik komandadır".
Sonda baş məşqçi 10 günlük toplanışdan və keçirdikləri oyunlardan razılıq ifadə edib. Lakin Joze Alesionun fikrincə, bununla kifayətlənmək olmaz: "Bizi oktyabrda rəsmi görüşlər gözləyir. Ona qədər bir neçə toplanış təşkil etməli, yoldaşlıq oyunları keçirməliyik”.