
"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itiridik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXV turunda səfərdə "Qəbələ"yə 1:2 uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis şanslarının yalnız kubokda qaldığını sözlərinə əlavə edib: "Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu. Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".