"Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan Premyer Liqasının XXVI turunda üçüncü yer uğrunda görüşdə əsas rəqibiniz "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdiniz. Artıq Avropa Liqasına vəsiqə qazandığınızı demək olarmı?
- Çempionat ərzində bu yerdə qalmağımız və ən iddialı komandalarla mübarizə aparmağımız böyük uğurdur. "Qəbələ", "Neftçi" və "Qarabağ"la mübarizə apardıq. Çempionluq şansımızı az dəyərləndirsək də, son 5 turadək belə şansımız da var idi. Axırıncı turlara kimi "3-lük"də yer almağımız çox müsbət haldır. Mübarizəmizi davam etdiririk. Son turda isə əsas rəqibimiz olan "Qəbələ"dən 3 xal alsaq da, tam sevinə bilmirik. Hər şey baş verə bilər. Çünki əvvəlki çempionatlarda belə hadisələrin şahidi olmuşuq. Necə ki, ötən mövsüm kubokun finalında "Keşlə" qələbə qazandı və 4-cü yeri tutan "Zirə" avrokuboklardan kənarda qaldı.
- Belə fikirlər var ki, rəqibləri "Neftçi"yə qarşı daha istəkli oynayırlar. "Səbail" də bu kollektivi büdrədənlər sırasındadır...
- Hər oyuna maksimum istəklə çıxmağa çalışırıq. Deməzdim ki, yalnız "Neftçi"yə qarşı belə oynayırıq. Son turdakı "Qəbələ" ilə oyunu misal çəkə bilərəm. Həmin görüşdə futbolçular "Neftçi" ilə oyundakından 3 dəfə çox istəkli idilər.
- Növbəti turda səfərdə lider "Qarabağ"la qarşılaşacaqsınız. Rəqibə verilən texniki məğlubiyyəti nəzərə almasaq, Ağdam klubunu uda bilməmisiniz. Həmin görüşdə də "Neftçi" ilə qarşılaşmadakı müqaviməti və istəyi görə biləcəyikmi?
- Əlbəttə. "Qarabağ"la matçdakı xal da bizim üçün çox önəmlidir. İstəyirik ki, özümüz bu tur istədiyimiz nəticəni əldə edib, məsələyə son qoyaq. "Neftçi" ilə matç "Qəbələ"nin xeyrinə də bitə bilər. Avropa Liqası şansını son tura saxlamaq istəmirik. Çalışacağıq ki, nəticə qazanaq. Buna nə dərəcədə nail ola biləcəyimizi oyun göstərəcək.
- "Qəbələ" ilə aranızda 5 xallıq fərq var. Ola bilərmi ki, "Qarabağ"la matçda bəzi futbolçulara istirahət verəsiniz? Çünki "Qəbələ"nin də "Neftçi"ni üstələyəcəyi inandırıcı deyil...
- Mən belə düşünmürəm. "Qəbələ" artıq "Neftçi"ni udmağı bacarıb. Nəzərə almalıyıq ki, flaqmanın da itkiləri və zədəli oyunçuları var. "Qəbələ"nin evdə oynaması onlara əlavə üstünlük verir. Bu baxımdan hər şey son tura da qala bilər. Son turda isə "Keşlə" ilə üz-üzə gələcəyik. Bu, onlar üçün də vacib oyun olacaq. İstəməzdim ki, belə stresləri yaşayaq. Avrokubok məsələsinin sonuncu tura qalmaması üçün əlimizdən gələni edəcəyik.
- Avropa Liqasına vəsiqə qazanacağınız təqdirdə, oyunlarınızı yenə süni örtüklü "ASCO Arena"da keçirmək istəyirsiniz?
- Hazırda belə fikirləri özümüzə yaxın buraxa bilmirik. Çünki indi plan qurmaq düzgün deyil. Bu barədə danışa bilmirəm. Səbr edək, gözləyək, çempionatda istəyimizə nail olduqdan sonra geniş məlumat verə bilərəm. Mövsümün əvvəlində avrokuboklarda iştirak üçün lisenziyaşlaşdırmaya müraciət etmişdik. Stadion barədə də heç nə deyə bilməyəcəyəm. Bu və digər məsələlər haqqında daha sonra danışmaq olar.
- Klub bu gün Tamazi Tsetsxladze ilə yollarını ayırdığını açıqladı. Planlarınıza daxil olmayan başqa futbolçular var?
- Hələkik yalnız Tamazi ilə vidalaşmışıq. Digərləri haqqında qərar verməmişik. Çünki qarşıda iki tur var. Bütün diqqətlərimiz son oyunlaradır. İstəyirik ki, çempionatı maksimum nəticə ilə bitirək. Ondan sonra isə kimlərlə yola davam etmək və kimlərlə vidalaşacağımız barədə düşünməyə vaxtımız olacaq.
- Qış fasiləsində də klub tapacaqları təqdirdə, bəzi futbolçuları göndərməyinizin mümkünlüyünü demişdiniz...
- Qışda bəzi futbolçulara deyilmişdi ki, klub tapsanız, getməyinizə hər hansı maneə törətmərik. Hazırda bütün diqqətimiz çempionatadır və ona görə bu barədə oturub geniş düşünməmişik. Çempionatı hansı pillədə bitirəcəyimizi hələ bilmirik. Bu səbəbdən, hazırda belə qərarlar verməyi düşünmürük.
- Mövsüm başa çatdıqdan sonra millinin heyəti açıqlanacaq. "Səbail"in heyətində yığmaya namizəd gördüyünüz futbolçular var?
- Bizim heyətdə bəzi yerli futbolçular var ki, millidə oynamağa layiqdirlər. Ağabala Ramazanovu xüsusi qeyd etmək istəyərdim. Digər futbolçularımız da dəvət alsalar, pis olmaz. İstər Ramazanov olsun, istərsə də, əvvələr milliyə cəlb olunanların hər biri layiqli futbolçudur.
- Sizin də "Səbail"lə müqaviləniz mövsümün sonunda başa çatır. Yeni sözləşmə ilə bağlı təklif olubmu?
- Klubla danışıq masasına əyləşəcəyik. Bu barədə hansısa məlumat verə bilmirəm. Təbii ki, növbəti mövsüm davam edib-etməyəcəyimlə bağlı məlumat veriləcək.
- "Səbail"in Maykl Essyeni heyətinə qatmağı çox müzakirə olundu. Hətta daha bir tanınmış oyunçu ilə anlaşacağınız yönündə xəbərlər vardı...
- Bu informasiyanın haradan götürüldüyünü deyə bilmərəm. Amma Essyeni sıralarımıza qatmağımız tək "Səbail"ə yox, ümumi Azərbaycan futboluna hərtərəfli faydalıdır. Ən önəmlisi odur ki, onun transferi azərkeşləri stadionlarımıza cəlb etmək baxımından fayda verə bilər.