"Toplanışın başlanğıcıdır deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Türkiyə toplanışını dəyərləndirərkən klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli yarımmüdafiəçi digər sualları da cavablandırıb...
- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır: İlkin təəssüratlarınız necədir?
- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.
- "Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?
- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəyəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.
- Komandamızın lideri olaraq Avropa Liqası və Premyer Liqadan gözləntilərin nədir?
- İndi gurultulu bəyanatlar verməyəcəyəm. Bizə oyundan-oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.
- Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdiniz?
- Komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.