"Qəbələ"nin kapitanı Anar Nəzirovun Gürcüstanda "Dinamo"ya 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra Sportnet.az-a müsahibəsi:
- "Qəbələ"nin futbolçuları paltardəyişmə otağından çıxarkən yorğun görünürdü. Sizi ən çox nə yordu?
- Bizi ən çox rəqib yordu. "Dinamo"nun evdə güclü oynadığını bilirdik. Fasiləyə yaxın xoşagəlməz hadisə ilə üzləşdik. Əsas müdafiəçilərimizdən biri zədələnərək meydandan çıxdı. Sonradan Sadiq Quliyev oyuna girdi. Pis təsir bağışlamadı və üzərinə düşən işi yerinə yetirdi. Sadəcə, komanda şəklində onlar bizdən çox güclü idi.
- Hazırda "Qəbələ" ilə "Dinamo" arasında səviyyə fərqi çox böyükdür?
- Real danışmaq lazımdır. Təzə yığılmış komandayıq. Özünüz də yaxşı bilirsiniz ki, "Qəbələ" ötən mövsümlə müqayisədə həm büdcə, həm də heyət baxımından çox fərqlidir. Deyərdim ki, bu matçlar bizim üçün dərs və yaxşı təcrübə oldu. "Dinamo", həqiqətən, yaxşı komandadır.
- Belə ağır məğlubiyyətdən sonra çempionata necə motivasiya olunacaqsınız? Psixoloji baxımdan zərbə olmayacaq?
- Ağır məğlubiyyət oldu, hamımıza təsir elədi. Məğlubiyyətdən sonra bu, gözlənilən idi. Biz də istəyirdik ki, Tbilisidə sonadək yaxşı mübarizə aparaq. Amma deyərdim ki, səviyyə fərqi öz sözünü dedi. Əsas məqsədmiz odur ki, istək, mübarizlik sayəsində sözümüzü deyək.
- Kapitan bu nəticədən sonra azarkeşlərdən üzr istəyirmi?
- Əlbəttə, bu, hamımızın səhvidir. Burada bir nəfərin xətası yoxdur. Komanda şəklində mübarizədən məğlub ayrıldıq. Təbii ki, azarkeş nə olursa-olsun, komandasının yaxşı mübarizə aparmasını istəyir.
- Onlar belə məğlubiyyətdən sonra sizləri başa düşəcəklər? Komandanızın yanında olacaqlarmı?
- Başa düşmələri üçün biz də özümüzü doğrultmalıyıq. Əlbəttə, bu, çempionatda olmalıdır. Belə oyuna görə hər birimiz azarkeşlərdən üzr istəməliyik.
- İki oyuna 5 qol buraxsanız da, matçlarda yaxşı çıxış etdiniz...
- Yaxşı-pis təsir bağışlamağından asılı olmayaraq, məğlub olan heç vaxt sevinmir.
- Tbilisidə sənə 2 qol vuran "Dinamo"nun lideri, kapitanı Levan Şengeliya ilk dəqiqələrdən uzaq məsafədən qapıya zərbələr endirirdi...
- Sözün düzü, məşqçilərimiz bunu mənə demişdilər. Rəqibin əsas üstünlüyü hücumda "trio"su, ortada 1-2 yaxşı futbolçusunun olması idi. Şengeliya dəfələrlə bunu etdi. Hər matçda bunu edən oyunçudur.
- Görüşün əsas epizodlarından biri xorvatiyalı müdafiəçiniz İvitsa Juniçin müdafiədə tandem təşkil etdiyi Rasim Ramaldanovla kəllə-kəlləyə toqquşması nəticəsində ağır zədələnərək stadionu təcili yardımla tərk etməsi oldu. Həmin epizodu necə xatırlayırsınız?
- Bu epizod mənim qarşımda oldu. Ramaldanov ona xəbərdarlıq olaraq qışqırmışdı. Sadəcə, İvitsa artıq topa gəlirdi və gözlədi ki, Rasim onu görüb dayanacaq. Nəticədə belə bir toqquşma oldu. Açığı, Ramaldanov ona səs elədi, ancaq bir metr məsafədə özünü, müvazinətini saxlaya bilmədi və toqquşdular.
- Juniçin vəziyyəti ilə maraqlanmısınız?
- Əlbəttə. Hələ ilk hissə bitəndən sonra baş menecerimiz Zaur Əzizovdan vəziyyətini soruşdum. Dedi ki, almacıq sümüyü sınıb. Həmin anda ambulans da meydanın kənarına gəldi, adama, həqiqətən, çox pis təsir elədi.
- Sənin də yaxın keçmişdə başına belə bir hadisə gəlmişdi...
- Bəli. Ötən mövsüm "Zirə"nin heyətində "Neftçi" ilə "Bakcell Arena"da 2:2 hesabıyla bitən matçda olmuşdu. Onda, şükürlər olsun ki, ambulansa ehtiyac olmadı. Mirbadulla Abbasovla toqquşdum və huşumu itirdim. Çox pis şeydir, mənim də başıma gəlib. Bu dəfə ambulansa ehtiyac yarandı. Bu zaman, açığı, qorxduq, həyəcan keçirdik ki, nə oldu, birdən-birə halı pisləşdi. Bu, elə bir toqquşmadır ki, Allah eləməsin, adamın durumu getdikcə pisləşir. Ancaq sonradan eşitdik ki, almacıq sümüyündə problem olduğu üçün təcili xəstəxanaya aparıblar.
- Ramaldanov, ümumiyyətlə, çox sərt oynayır. Buna görə onu qınayırsınız? Bir epizodda rəqibin futbolçusuna ağır xəsarət yetirdi və sarı vərəqə aldı...
- Onun oyun üslubu belədir. Müdafiəçini siz də neçə illərdir tanıyırsınız, mən də. Dağıdıcı bir futbolçudur. Əsasən, elə sərt oyunla üstünlüyü ələ almaq istəyir.