
"Başlanğıcda həyəcan hiss olunurdu, bunu özüm də dərk etmişdim. Futbolçular "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarını izləyiblər. Ancaq tədricən qaydasına düşdü".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının açılış matçından sonra deyib.
48 yaşlı mütəxəssisin sözlərinə görə, 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozub: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.
Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyinə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu, onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".
Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə tapşırığı qoyulduğunu söyləyib. Baş məşqçi bundan sonra transfer etməyəcəklərini vurğulayıb. O, yeni transfer Əfran İsmayılovun fiziki durumunun yaxşı olmadığını, sentyabrda meydana çıxa biləcəyini əlavə edib.