"Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bizi hansı anların gözlədiyini bilirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis "qırmızı-qaralar"ı səfərdə ilk dəfə məğlub etmələrinə sevindiklərini vurğulayıb: "Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, Gürcüstan "Dinamo"su ilə Avropa Liqasındakı oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçı ilə əlaqədardır. Bəzi səhvlər normaldır, çünki gənc futbolçularımız çoxdur. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi".
Qeyd edək ki, hər iki qolu "Sumqayıt"ın yeni transferi Mehdi Şərifi vurub.